Qadin.NET / “WhatsApp” hücümu: NAZİRLİKDƏN XƏBƏRDARLIQ

“WhatsApp” hücümu: NAZİRLİKDƏN XƏBƏRDARLIQ

“WhatsApp” hücümu: NAZİRLİKDƏN XƏBƏRDARLIQ


Azərbaycan vətəndaşlarına qarşı http://mobiltechnics.com/sspf-az/ keçidi vasitəsi ilə hədəflənmiş "phishing" hücumu aşkar edilib.

Qadin.Net bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, hücum üçün istifadə olunan keçiddə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi veb-saytının ekran görüntüsü yerləşdirilməklə sayta daxil olmuş istifadəçilər aldadılır. Adı çəkilən resursda nazirliyinin rəsmi veb-saytının saxta versiyası yerləşdirilməklə vətəndaşlara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1990-cu ildən 2018-ci ilə qədər işləyən işçilərin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3405 manat məbləğində mənfəət əldə etmək hüququna malik olduqları qeyd olunub. Həmin mənfəətin əldə edilməsi üçün vətəndaş saytdakı bir neçə suala cavab verməli daha sonra isə adının müavinət almaq hüququ olan şəxslərin siyahısında olub olmadığını yoxlamalıdır. Həmin saytda yerləşdirilmiş suallara cavab verdikdən sonra sorğu nəticəsində vətəndaşa ödənəcək pulun həyata keçməsi üçün müvafiq düyməyə klik etməklə WhatsApp vasitəsilə paylaşması tələbi qoyulur. Vətəndaş həmin düyməyə klik etməklə "WhatsApp" hesabındakı əlaqələrə əvvəlcədən müəyyən edilmiş mətn və sayta keçid məlumatları digər şəxslərə göndərilir.

Paralel olaraq, müxtəlif reklam məzmunlu səhifələr açılır, bu da ki vətəndaşların telefonlarına virus yoluxması, eləcə də müxtəlif SMS xidmətlərinə avtomatik abunə olmasına gətirib çıxarır. Qeyd edək ki, mobiltechnics.com saytı 10 oktyabr 2018-ci il tarixində yaradılmış, "mobusi.com"  texnoloji media şirkətinin reklam məzmunlarının yayımı ilə məşğul olmaqla gəlir əldə etməkdədir. Vətəndaşlardan xahiş olunur ki, internet fırıldaqçılarının toruna düşməmək üçün bu tip cəlbedici vədlər verən saytlarda qeyd olunan xidmət və təkliflərə aldanmasınlar.

Aşağıdakı şəkillərdən "phishing" hücumun mərhələləri ilə tanış ola bilərsiniz:

5 dekabr 2018
GO BACK