13:47
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəki şəhərində qarışıq tipli uşaq evi üçün inşa olunan yeni binanın açılışında iştirak ediblər.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım uşaq evinin rəmzi açılışını bildirən lenti kəsdilər.
Son illər həyata keçirilən tədbirlər sırasında körpələrə və kimsəsiz uşaqlara göstərilən yüksək qayğı böyük rəğbətlə qarşılanır. Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölkəmizdə bu sahədə dövlət səviyyəsində proqramlar, layihələr hazırlanaraq həyata keçirilir. Bu vacib tədbirlər ölkəmizdə ana və uşaqların sağlamlığının qorunmasına, uşaq müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, bilikli, savadlı, geniş dünyagörüşünə malik gənc nəslin yetişdirilməsinə yönəldilib. Dövlət səviyyəsində həyata keçirilən belə tədbirlərin nəticəsidir ki, son dövrlərdə uşaq müəssisələri əsaslı şəkildə yenidən qurulub, regionlarda müasir tələblərə cavab verən uşaq bağçaları və məktəblər tikilib.
Uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğı Heydər Əliyev Fondunun da fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyənlərin gələcəyi, sağlamlıq imkanları məhdud və kimsəsiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı Fond tərəfindən həyata keçirilən tədbirlərin çox böyük əhəmiyyəti var.
Məlumat verildi ki, Şəki şəhər qarışıq tipli uşaq evinin Gənclər küçəsində yerləşən əvvəlki binası 1897-ci ildə şəkili tacir Hacı Zülqədər Zülfüqarov tərəfindən şəxsi yaşayış evi kimi inşa olunub və 1930-cu ilədək bu məqsədlə istifadə edilib. 1930-cu ildən həmin binada Şəki şəhər qarışıq tipli uşaq evi fəaliyyət göstərirdi. Uşaq evinin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğundan və mövcud infrastruktur rahat məskunlaşmaya imkan vermədiyindən burada uşaqlara lazımi səviyyədə xidmət göstərmək mümkün deyildi. 2017-ci ildə Heydər Əliyev Fondunun nümayəndələri Şəki qarışıq tipli uşaq evinin binasının mövcud şəraiti ilə tanış olublar. Uşaq evində məskunlaşan uşaqların yaşayış şəraitinin, təlim-tərbiyə və asudə vaxtlarının təşkilinin yaxşılaşdırılması məqsədi ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni binanın inşasına başlanılıb. Şəki şəhərində uşaq evinin binası üçün ayrılan bir hektar ərazidə ümumi sahəsi 2 min kvadratmetrdən çox olan ikimərtəbəli bina inşa edilib.
Binanın layihələndirilməsi zamanı uşaq evində məskunlaşacaq uşaqların təlim-tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili baxımından infrastrukturun qurulması əsas götürülüb. Eyni zamanda, tikinti prosesində Şəki şəhərinin memarlıq üslubunun qorunub saxlanılmasına diqqət yetirilib. Belə ki, binanın fasadı və hasar Şəki şəhərinin memarlıq üslubuna uyğun olaraq üzlük daşlarla üzlənib.
Bildirildi ki, uşaq evi bütün yaş qrupları üzrə 80 yerlikdir. Şəki rayonu ilə yanaşı, ətraf bölgələri də əhatə edən uşaq evində hazırda valideyn himayəsindən məhrum olan 3 yaşdan 20 yaşadək 60 nəfər məskunlaşıb. Binada oğlanlar və qızlar üçün ayrı bölmələrdə yerləşən, zəruri inventar və avadanlıqla təchiz edilən 2, 3 və 4 nəfərlik yataq otaqları, dayə otaqları, kitabxana, kompüter otaqları, musiqi otağı, emalatxana, idman zalı, həkim və tibb bacısı otaqları, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət otağı, mətbəx, yeməkxana və çamaşırxana var. Burada, eyni zamanda, məktəbəqədər yaş qrupları üçün 20 yerlik uşaq bağçası da fəaliyyət göstərir.
Şəki qarışıq tipli uşaq evinin də yeni binasının Heydər Əliyev Fondu tərəfindən müasir səviyyədə inşa olunması bir daha sübut edir ki, Fond bu istiqamətdə dövlətin icra etdiyi layihələrə sanballı töhfələr verir. Bu layihənin icrası aydın şəkildə göstərir ki, humanizm, insani dəyərlərə hörmət, dinindən, dilindən, cinsindən, yaşından asılı olmayaraq hər kəsə diqqət göstərmək Heydər Əliyev Fondunun fəaliyyətində əsas prinsiplərdən biridir.
Uşaq evinin ərazisində açıq havada min kvadratmetr sahəsi olan idman meydançası qurulub. O cümlədən uşaqların açıq havada istirahətini təmin etmək məqsədilə kölgəliklər və kiçik yaşlı uşaqlar üçün oyun meydançası yaradılıb. Ərazidə yaşıllıq zonası salınıb, müxtəlif meyvə ağacları və digər ağaclar əkilib. Binanın yerləşdiyi ətraf ərazi abadlaşdırılaraq asfalt və daş döşənib, işıqlandırma sistemi quraşdırılıb. Binada inzibati-təsərrüfat tələblərini ödəyən zirzəmi inşa olunub, daimi su, istilik və soyutma sistemi, generator, stabilizator, eləcə də yanğınxəbərverici və videomüşahidə sistemləri qurulub. Heydər Əliyev Fondu tərəfindən uşaq evinə müvafiq avadanlıq və avtobus hədiyyə edilib.
----------
13:23
Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkiyə səfərləri çərçivəsində "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışında iştirak ediblər.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
"ASAN xidmət"in tabeliyində olan "ABAD" - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmana əsasən yaradılıb. Əsas məqsədi ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını təmin etmək olan "ABAD" rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir, sosialyönümlü layihələrin həyata keçirilməsində birbaşa iştirak edir. "ABAD" öz fəaliyyətini regional mərkəzlər vasitəsilə qurur. Masallı, Balakən, Quba rayonlarında artıq belə mərkəzlər fəaliyyətə başlayıb. Dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verən layihə çərçivəsində "ABAD"çı ailələrinə mürəbbə, cem, ət və süd məhsullarının istehsalı üçün xüsusi konteynerlər verilib. İndiyə qədər dekorativ-tətbiqi sənətlə məşğul olan 100-dən çox və kənd təsərrüfatında çalışan onlarla ailəyə dəstək verilib. Satışları təşkil etmək məqsədilə "ABAD" paytaxt Bakının müxtəlif yerlərində, həmçinin Şamaxı rayonunun Dəmirçi kəndində mərkəzlər açıb.
Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev məlumat verdilər ki, "ABAD" publik hüquqi şəxsin Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin binası XIX əsrin axırlarında tikilib və kazarma kimi istifadə olunub. Baxımsız və qəzalı şəraitdə olan həmin bina "Paşa Holdinq"in dəstəyi ilə yenidən qurulub. Mərkəz müasir avadanlıqla təchiz edilib.
Qədim köklərə malik xalqların böyük tarixinin sübutu onun keramikası ilə də müəyyən edilir. Azərbaycanın bütün ərazisi boyu, xüsusilə də Şəki rayonunda aparılan arxeoloji qazıntılar zamanı bir çox keramika nümunələri və qədim odun sobaları üzə çıxarılıb.
Mərkəzlə tanışlıq zamanı bildirildi ki, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq qoruğu Şəki şəhərinin qədim tarixi hissəsində yerləşir. Qoruğun UNESCO-nun mədəni irs siyahısına salınması yönündə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir. "Xan sarayı" I, IV, V meyarlarla irs siyahısına salınıb. Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin binası da qoruğun UNESCO-nun müvafiq siyahısına salınacaq ərazisində, Qala divarlarının içərisində yerləşən beş kazarma binasından biridir. Bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. İkimərtəbəli binada işçilər və təlimlərə qoşulacaq şəxslər üçün istirahət otaqları da var. Burada, həmçinin termik soba və təlim otaqları, xammal və hazır məhsul anbarları, etno-butik, ofis və xalçaçılıq otağı yerləşir.
Bir sözlə, mərkəzdə keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb.
Mərkəzin məqsədi ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşəcək. Gələcəkdə Mərkəzdə tanınmış əcnəbi sənətkarların iştirakı ilə beynəlxalq tədbirlər, həmçinin müasir avadanlıqlardan istifadə etməklə təlimlər təşkil olunacaq. Mərkəzdə keramika sənətindən əlavə, xalçaçılıq və digər sənətkarlıq sahələri üzrə təlimlərin keçirilməsi də nəzərdə tutulur. Bütün bunlardan məqsəd yeni sənətkarların yetişdirilməsidir.
Bildirildi ki, Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində sənətkarların istehsal etdikləri məhsulların satışı da təşkil olunacaq. Ümumilikdə burada 40-dək vətəndaş daimi işlə təmin ediləcək.
----------
13:14
Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki "ASAN Həyat" kompleksinin açılışında iştirak ediblər.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Altı il bundan əvvəl - 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı və onun tabeliyində olan "ASAN xidmət" mərkəzləri fəaliyyətə başladı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Həmin ildən başlayaraq Bakının bir neçə rayonunda "ASAN xidmət" mərkəzləri sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar üstünlük təşkil edir. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Bu gün "ASAN xidmət"in fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya parlamenti, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Azərbaycanın "ASAN xidmət" modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyni adlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. 2014-cü ildə "ASAN xidmət" ISO 9001:2008 və OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. "ASAN xidmət", həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. "ASAN xidmət" 2015-ci il BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif edilib. Bundan başqa, bu il oktyabrın 25-də Dövlət Agentliyi ilə ISESCO arasında imzalanan Birgə Əməkdaşlıq Proqramına əsasən qabaqcıl idarəetmə üzrə "ISESCO-nun ASAN mükafatı" təsis olunub. Mükafat üzv dövlətlərdə innovasiyaları əks etdirən təcrübələr üçün təqdim ediləcək. Həmçinin "ASAN xidmət" və ISESCO tərəfdaşlığını əks etdirən İnkişaf Naminə İdarəetmə beynəlxalq təşəbbüsünün irəli sürülməsi, şirkətlərin biznes inkişafının və idarə edilməsinin yüksəldilməsi məqsədilə xüsusi "ASAN xidmət" məhsullarının formalaşdırılması əməkdaşlıq proqramında nəzərdə tutulur. Bundan başqa, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik Fəaliyyət Planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə "ASAN xidmət" modelindən faydalanmaq tövsiyə olunub. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan "ASAN xidmət"ə dünyada böyük maraq var. Qeyd edək ki, bu günədək "ASAN xidmət" mərkəzlərinə daxil olan müraciətlərin sayı 25 milyona yaxındır.
Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına və birinci xanıma ətraflı məlumat verdilər. Bildirildi ki, bu kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 15-ci mərkəzidir. Şəhərin Zərifə Əliyeva küçəsində yerləşən, öz möhtəşəmliyi ilə seçilən kompleksin tikintisinə 2017-ci ildə başlanılıb. İnşaat işləri bu ilin oktyabrında başa çatdırılıb.
Dövlətimizin başçısı Şəki "ASAN Həyat" kompleksini işə saldı.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış oldular.
Bildirildi ki, bu kompleks Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarında qeydiyyatda olan ümumilikdə 510 mindən çox vətəndaşa xidmət göstərəcək. Şəki "ASAN Həyat" kompleksində 11 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Milli Arxiv İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 300-dən çox xidmət həyata keçiriləcək. Kompleksdə çalışacaq əməkdaşların sayı 190, könüllülərin sayı isə 50 nəfərdir. Şəki "ASAN Həyat" kompleksində "ASAN xidmət" mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. Kompleks vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.
Şəki "ASAN Həyat" kompleksində də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin layihəsi olan "ASAN Peşə" mərkəzi yaradılıb.
Dövlətimizin başçısı və birinci xanım "ASAN Peşə" mərkəzi ilə tanış oldular.
Layihə ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi daşıyır. "ASAN Peşə" mərkəzi bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Mərkəzdə tədris tütünçülük, laboratoriya, bağçılıq, logistika-texnologiya, ipəkçilik və fındıq yetişdirilməsi istiqamətləri üzrə həyata keçiriləcək. Mərkəzdə "ABAD"ın sərgi salonu da fəaliyyət göstərəcək. Burada Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi də yaradılıb.
Kompleksdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə var. Həmçinin burada "Azərişıq" ASC, "Azərsu" ASC və "Azəriqaz" İB tərəfindən xidmətlər təqdim olunacaq. Qeyd edildi ki, paytaxt Bakıda fəaliyyət göstərən iki "ASAN kommunal" xidmətində bu günədək 800 mindən çox vətəndaş müraciəti qeydə alınıb.
Prezident İlham Əliyev mərkəzdə innovativ yeniliklərlə tanış oldu.
Bildirildi ki, "E-Gate" xidməti sərhəd buraxılış məntəqələrində ölkəyə gələn və ölkəni tərk edən şəxslərin sərhəd keçidinin sürətləndirilməsi və prosesin avtomatlaşdırılmasını təmin edir. Vətəndaş xüsusi qurğuya yaxınlaşaraq pasportun məlumatlarını "E-Gate" cihazında oxudur. Sonra qurğu vasitəsilə vətəndaşın şəkli çəkilir, biometrik göstəriciləri - üz tanıma və barmaq izi tanıma texnologiyası vasitəsilə eyniləşdirilir. Məlumatlarda hər hansı problem aşkar edilməzsə avadanlıq avtomatik olaraq şəxsin keçidinə imkan verir. Əks halda sərhəd məntəqəsinin əməkdaşına bu barədə bildiriş gedir və məsul əməkdaş dərhal yaxınlaşaraq problemlə tanış olur. Bu cihaz vasitəsilə bir nəfərin sərhəd nəzarətində yoxlanılma prosesi bir neçə saniyə ərzində yekunlaşır.
Digər bir yenilik isə Elektron etibarnamə sistemidir. Bu sistem vətəndaşlara məxsus daşınar və daşınmaz əmlaka, malik olduğu xidmətlərə dair hüquqların başqasına ötürülməsinə dair etibarnamələrin elektron mühitdə, elektron və mobil imza texnologiyalarından istifadə etməklə tamamilə avtomatlaşdırılmış platformada təqdim edildiyi bir sistemdir.
Dövlətimizin başçısına "ASAN Viza" sistemində yeniliklərin təqdimatı da oldu. Təqdimat "ASAN Viza" sisteminin hava limanlarında tətbiqi ilə bağlı məlumatı özündə əks etdirir. Eyni zamanda, "ASAN Viza" sığortası sistemi ilə bağlı məlumat mövcuddur ki, burada da Azərbaycana gəlmək üçün müraciət edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin vizadan imtina edilməsi halında ödədiyi rüsumun sığorta şirkəti tərəfindən kompensasiyasını nəzərdə tutur. Bu sistem, eyni zamanda, xarici ölkədə olarkən baş verə biləcək hər hansı maddi itki və vətəndaşın səhhətində yaranan problemin aradan qaldırılmasını və xərclərin sığorta şirkəti tərəfindən ödənilməsini təmin edəcək.
Yeni layihələrdən biri də "E-Qəza" sistemidir. Xüsusi avadanlıq və proqram təminatından ibarət olmaqla avtomobillərdə yerləşdirilən bu sistem qəza zamanı sürücü və qəzanın yeri barədə məlumatların avtomatlaşmış "E-Qəza" mərkəzinə ötürülməsi və lazımı təxirəsalınmaz xidmət əməkdaşlarının qəza yerinə göndərilməsini təmin edir. Sistem vasitəsilə sürücü ilə əks əlaqə yaratmaq və daha ətraflı məlumat əldə etmək imkanı da yaradılacaq.
"ASAN İnkişaf yolu" isə 2013-2018-ci illər ərzində "ASAN xidmət" mərkəzlərinin keçdiyi inkişaf yolu, həyata keçirilən layihələr və statistik nəticələri özündə ehtiva edir. Eyni zamanda, ASAN-nın beynəlxalq uğurları və qazandığı mükafatları da təqdimatda əhatə olunub.
Məlumat verildi ki, yeni "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlamamışdan öncə mərkəzdə çalışacaq əməkdaşlar müvafiq təlim kursundan keçirlər. Kurslarda onlara müasir idarəetmənin prinsipləri, "ASAN xidmət" dəyərləri, vətəndaş məmnunluğunun əsas şərtləri, nəzakətli və peşəkar xidmətin əsasları barədə məlumatlar verilir. İşləyən müddətdə isə onlar il ərzində bir neçə dəfə təlimlərə cəlb olunurlar. Bunun üçün "ASAN xidmət" mərkəzlərində əməkdaşların işdən ayrılmamaqla təlim və kurslara cəlb olunmaları üçün müvafiq təlim mərkəzləri yaradılır. Növbəti belə mərkəzlərdən biri də Şəki "ASAN xidmət" mərkəzində yaradılıb. Yetmişdən çox iştirakçı üçün nəzərdə tutulan bu mərkəz bütün lazımi təlim şəraiti və avadanlıqla təmin olunub.
Şəki "ASAN Həyat" kompleksində "CoWorking" mərkəzi də fəaliyyət göstərəcək. Mərkəz yeni başlayan bizneslərə -startaplara inkubasiya dövrü üçün nəzərdə tutulan ümumi iş yeridir. Bu modeldən frilanserlər və tək işləyənlər də istifadə edirlər. Ümumilikdə model dayanıqlıdır və iş yerlərini icarəyə verməklə dayanıqlılıq təmin edilir.
"ASAN Həyat" kompleksi üçün ayrılan 2,4 hektar ərazidə uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, yay kafesi və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı yaradılıb.
Qeyd olundu ki, regionlarda 10 səyyar "ASAN xidmət" avtobusu və səyyar "ASAN qatar" vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyunundan etibarən təqribən 1 milyon 500 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki "ASAN Həyat" kompleksinin əməkdaşları ilə görüşdülər.
Sonda xatirə şəkli çəkdirildi.
----------
10:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 29-da Şəki-Kiş avtomobil yolunun açılışında iştirak ediblər.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına yolun texniki göstəriciləri barədə məlumat verdi.
Bildirildi ki, yolun uzunluğu 7,2 kilometrdir. Şəki-Kiş avtomobil yolu uzun müddət təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. On yeddi min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun yenidən qurulması Azərbaycan Prezidentinin Sərəncamına əsasən həyata keçirilib. Görülən işlər nəticəsində yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Layihəyə uyğun olaraq 7 metr enində yol əsası və 2 metr enində çiyinlər də daxil olmaqla yeni salınan yol yatağının eni 12 metrdir. Yol boyunca müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib, avtobus dayanacaqları tikilib.
Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq, Kiş çayı üzərində körpünün bərpası işləri də aparılıb. Yeni inşa edilən körpünün uzunluğu 88,2 metr, hərəkət hissəsinin eni 8 metrdir. Körpünün hər iki tərəfində eni 1,5 metr olan piyada səkiləri də yaradılıb. Dayaqsız biraşırımlı körpünün çay yatağından hündürlüyü 7 metrdir. Bu isə gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını alacaq. Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktik tədbirlər həyata keçirilib. Layihə çərçivəsində çayda su axınının tənzimlənməsi və yaşayış məntəqələrini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 metr hissəsinin hündürlüyü artırılıb, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunub.
Xatırladaq ki, 2016-cı ilin iyulunda yağan leysan nəticəsində sel suları həmin körpünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi kəsilmişdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə cəlb edilən ağır texnika və canlı qüvvə hesabına qısa müddət ərzində Kiş çayı üzərində müvəqqəti yol salınaraq gediş-gəliş bərpa olunmuşdu. Təbii fəlakətin yol infrastrukturuna vurduğu ciddi ziyanın aradan qaldırılması və 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Prezident İlham Əliyev tərəfindən 2016-cı il avqustun 16-da müvafiq Sərəncam imzalanmışdı.
Bildirildi ki, avtomobil yolunun inşası iki yaşayış məntəqəsi arasında yük və sərnişin daşınmasının yaxşılaşdırılmasına imkan verəcək, həmçinin yerli və xarici turistlərin Kiş kəndinə və "Marxal" istirahət mərkəzinə gediş-gəlişində mühüm rol oynayacaq.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
----------
10:37
Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkidə Bayraq Muzeyinin açılışında iştirak ediblər.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi.
Bu gün, sözün əsl mənasında, xalqın və dövlətin maraqlarına uyğun hərtərəfli müstəqil siyasət həyata keçirən, sürətli və davamlı inkişaf yolu ilə uğurla addımlayan suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız hər bir vətəndaşımızın qəlbində qürur və fərəh hissi doğurur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli, ay-ulduzlu bayrağımız bu gün masir Azərbaycanın müstəqillik rəmzinə çevrilib. Dövlətimiz və xalqımız üçün bu tarixi məsələdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Məhz Ulu Öndərin xidmətləri sayəsində üçrəngli bayrağımız ilk dəfə Naxçıvan Muxtar Respublikasında dövlət bayrağı kimi qəbul edilib. İndi Azərbaycan bayrağı dünyanın ən nüfuzlu beynəxalq təşkilatları və mötəbər məclislərində qürurla dalğalanır. Prezident İlham Əliyev dövlət atributlarımıza xüsusi ehtiramla yanaşır. Bölgələrimizdə, o cümlədən Şəkidə Bayrağı Muzeyinin yaradılması bunun bariz nümunəsidir. Belə muzeylərin yaradılması dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəsilin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına mühüm töhfə verir.
Məlumat verildi ki, muzey Bayraq Meydanında yerləşir. Meydanda hündürlüyü 72,4 metr olan bayraq dirəyinin postament hissəsi yenidən qurulub, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac, gül kolları əkilib, işıq dirəkləri quraşdırılıb, fəvvarələr əsaslı təmir edilib.
Qeyd olundu ki, Bayraq Muzeyinin inşasına 2018-cı ilin martında başlanılıb. Tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Bayraq Muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar yaradılıb. Muzeyin sərgi zalında ümumilikdə üç bölmə var. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, xanlıqların bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur.
Muzeyin eskponatları arasında Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərinə adi konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar sərgilənir.
Ölkəmizdə Bayraq muzeylərinin yaradılması Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən və hər bir vətəndaş üçün müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımıza olan hörmət və ehtiramın göstəricisidir. Belə muzeylərə aid layihələrin bütün bölgələri əhatə etməsi isə yeniyetmə və gənclərimizə yüksək vətənpərvərlik duyğuları aşılamaqla, onlarda dövlət bayrağımıza sevgini daha da artırır.
----------
10:24
Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərində inşa olunan Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Şəkidə orijinal layihə əsasında yeni tikilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir. Mərkəzdə Ulu Öndərin mənalı həyatı və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada dünyanın görkəmli dahi şəxsiyyətlərindən olan Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu böyük insanın həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində görülən mühüm tədbirləri əks etdirən foto, kitab və digər vəsaitlərə geniş yer verilib. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin təbliği, gələcəkdə Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində öz vətəni, milləti və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının təmin olunması, onların arzu və niyyətlərini gerçəkləşdirmək əzminin reallaşması baxımından mühüm əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzinin inşası Azərbaycanın müasir həyatını əks etdirir.
Heydər Əliyev Mərkəzində görülən işlərlə tanışlıq zamanı məlumat verildi ki, burada Ümummilli Liderin yeni abidəsi ucaldılıb. Ulu Öndərə şəkililərin sonsuz məhəbbətinin təcəssümü olan Heydər Əliyev Mərkəzinin tikintisinə 2018-ci ilin martında başlanılıb. Yüksək səviyyədə aparılan tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.
Ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinə dair tarixi sənədlərə də geniş yer verilib. Burada Ulu Öndərin uşaqlıq, gənclik və tələbəlik illərinə, həmçinin hakimiyyətdə olduğu dövrlərə aid müxtəlif fotolar maraqla qarşılanır. Bu fotolarda Heydər Əliyevin sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən ölkəmizin inkişafına xüsusi diqqət göstərməsi dolğun əksini tapıb. Dahi şəxsiyyətin hakimiyyətdə olduğu illərdə bölgələrimizə, o cümlədən Şəkiyə səfərləri bunun bariz nümunəsidir. Ulu Öndərin ölkədəki müxtəlif obyektlərin açılışında iştirakı, ictimaiyyət nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşləri şəkililərin də xatirəsində dərin izlər buraxıb.
Sahəsi 3700 kvadratmetr olan Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün böyük akt zalı yaradılıb. Son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Şəkidəki Heydər Əliyev Mərkəzində də bu məqsədlə müvafiq şərait yaradılıb. Mərkəzdə kompüterlər və digər müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərəcək. Müxtəlif təyinatlı bölmələrdən ibarət olan xarici dillərin tədrisi otağı, 20 və 60 yerlik iclas zalları, rəsm və foto studiyaları, elektron kitabxana, kompüter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərəcək. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün də lazımi şərait yaradılıb.
Mərkəzdə, həmçinin Şəki şəhərinin 2017-ci ildən UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsinin üzvü olmasına dair xüsusi guşə yaradılıb, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun maketi quraşdırılıb.
Dövlətimizin başçısına və birinci xanıma Şəki rayonunun Kiş kəndindəki Alban məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması layihəsi barədə də məlumat verildi.
Mərkəzdəki foto və eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən inkişaf mərhələsinə qədəm qoyması və indiki hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması məhz ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır. Bu cür mərkəzlər Azərbaycanın Heydər Əliyev irsinə əsaslanan və indi də uğurla davam etdirilən davamlı inkişaf konsepsiyasının mahiyətinin aydın şəkildə öyrənilməsinə real zəmin yaradır.
----------
09:55
Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfərə gəliblər.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül dəstələri qoydular.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda görülən işlər haqqında dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.