“Kitabxanaya kitab hədiyyə edirik” aksiyası
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 2018-ci ilin iyul – sentyabr aylarında “Kitabxanaya kitab hədiyyə edirik” adlı önəmli sosial aksiya keçirilir. Aksiyada alimlər, yazıçılar, şairlər, ictimaiyyət nümayəndələri, oxucular, şəhər sakinləri, Bakının qonaqları, bir sözlə cəmiyyətdə kitabın taleyinə biganə olmayan ziyalılar fəal iştirak edirlər. Aksiyanın əsas məqsədi: kitabxana fondlarını müasir, maraqlı və yüksək tələbat olan ədəbiyyat, dərsliklər, uşaq və yeniyetmələr üçün, milli və xarici klassik ədəbiyyatla və müasir dövrün şair və yazıçıların əsərləri ilə zənginləşdirməkdir. Aksiya böyük maraqla qarşılanmış, oxucuların bütün kateqoriyalarının kitabxanaya cəlb olunmasına, mütaliənin inkişafına, kitablara marağın artmasına səbəb olmuşdur.
Aksiyada akademik, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli, filologiya elmləri doktoru Mahirə Quliyeva, Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, H. B. Zərdabi mükafatı laureatı, “Sehirli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimova, Jurnalistlər Birliyinin üzvü, istedadlı yazıçı-publisist Reyhan Mirzəzadə, “Azad Qələm” qəzetinin və “İşıq” jurnalının əməkdaşı, yazıçı və şairə Gülarə Munis, “Xan qızı Natəvan” mükafatı laureatı, Milli Kulturoloji müsabiqənin qalibi, yazıçı-publisist Zöhrə Əsgərova, tanınmış hüquqşünas və ictimai xadim Mobil İsmayılov, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Prezident təqaüdçüsü Ramiz Dəniz, Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Mina Rəşid, Azərbaycanda tanınmış uşaq yazıçısı, Almaniyada yaşayan soydaşımız Simax Şeyda, iqtisadçı-ekspert Məhərrəm Məmmədov, kitabxananın fəal oxucuları 158 və 13 в„–-li tam orta məktəblərin şagirdləri Məhəmməd Usubov və Nuray Cəfərova və başqaları iştirak ediblər.
Aksiyada bu günədək 24 ziyalı və kitabsevər iştirak etmiş, onlar kitabxanaya 534 maraqlı kitab hədiyyə etmişdilər. Hədiyyə olunan kitabların əksəriyyəti oxucuların marağına səbəb olan, kitabxana olmayan yeni kitablar, habelə, onilliklər öncə işıq üzü görən, lakin son illərdə yenidən nəşr olunmamış kitab, dərslik, lüğət, məlumat kitabları və s. ədəbiyyatdır.
Aksiyada iştirak edənlər haqqında məlumat MKS-in veb saytında yerləşdirilmişdir.
Aksiya davam edir! Aksiyanın yeni iştirakçılarını salamlayırıq!
Aksiya oktyabr ayında yekunlaşacaqdır.
Fəal iştirakçılara “İnformasiya hamı üçün” YUNESKO Proqramının Azərbaycan Komitəsi tərəfindən təşəkkür məktubları təqdim ediləcəkdir.
Aksiyanın ideya müəllifi və rəhbəri Yasamal rayon MKS-inin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır. Layihənin koordinatorları şöbə müdirləri Yeganə Qafarova, Sevil Namazova, Kifayət Hüseynova və Samirə Şirinovadır.