Qadin.NET / Məhərrəm ayının başlama günü açıqlandı

Məhərrəm ayının başlama günü açıqlandı

Məhərrəm ayının başlama günü açıqlandı


Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib.
 Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, fətvaya əsasən, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.Fətva mətnində deyilir:

“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası bəyan edir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.Məhərrəm tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilmiş, fəqət hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olmuşdur. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilmiş, ailələri əsir alınmışdır.İmam Hüseynin haqq-ədalət naminə şəhadəti böyük mənəviyyat və dirçəliş nümunəsidir. Ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır. Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, onların qanlarının yerdə qalmamasını, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də Azərbaycan dindarları tərəfindən ənənəvi olaraq yaşadılır.Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.QMİ, məzhəbindən asılı olmayaraq bütün ölkə müsəlmanlarına islami həmrəylik nümayiş etdirərək İmam Hüseyn (ə) mərasimlərində birgə iştirak etməyi, İmam (ə) və Kərbəla şəhidləri ilə yanaşı Qarabağ, Xocalı şəhidlərimizin ruhuna dualar etməyi tövsiyə edir”.
4 sentyabr 2018
GO BACK