Dünyanın ən məşhur muzeylərindən biri sayılan Braziliya Milli Muzeyində güclü yanğın olub.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Rio de Janeyro şəhərində yerləşən və 20 milyondan artıq nadir eksponatın saxlandığı muzey yanıb kül olub.
Muzey əməkdaşları və ya ziyarətçilər arasında tələfatla bağlı məlumat hələlik yoxdur.
Bir zamanlar Portuqaliya kral ailəsinin iqamətgahı olmuş binada yerləşən muzeyin bu il 200 illik yubileyi qeyd olunmuşdu.
Muzeydə iş günü başa çatandan sonra başlanmış yanğının səbəbi bəlli deyil.
Ölkənin ən qədim elmi-tədqiqat müəssisəsi hesab olunan muzeyin rəhbərliyi indiyədək dəfələrlə maliyyə ayırmalarının azalmasından, binanın ciddi təmirə ehtiyac duymasından bəhs etmişdilər.
1818-ci ildə Portuqaliya kralı 6-cu Juanın əmri ilə yaradılmış muzeydə Şimali və Cənubi Amerikalarda ən böyük heyvan, mineral, daşlaşmış qalıqlar, mumiyalar və hindu məişət əşyaları kolleksiyaları vardı.
Eksponatlar arasında dinozavr sümükləri və 12 min il əvvəl yaşamış qadının skeleti də vardı. Bu skelet Amerikada aşkarlanmış ən qədim insan sümükləri idi.