2018-ci ilin iyul ayında Bakıda daşınmaz əmlak bazarında qiymətlər iyun ayı ilə müqayisədə 2,06 faiz artıb.
Qadin.Net bildirir ki, bunu trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Ekspertin sözlərinə görə, ötən ay ərzində bahalaşma ticarət obyektləri bazarı istisna olmaqla bütün seqmentlərə təsir edib:
"Belə ki, bir ay ərzində ilkin mənzil bazarında qiymətlər 0,28 faiz, təkrar mənzil bazarında 0,1 faiz, torpaq bazarında 3,71 faiz, fərdi evlər və bağ evləri bazarında 2,64 faiz artıb. Mənzil kirayəsi 3,98 faiz, kommersiya obyektlərinin icarəsi 1,32 faiz bahalaşıb. Kommersiya obyektləri bazarında isə qiymətlər iyun ayında 0,26 faiz azalıb".
N.İbrahimov qeyd edib ki, iyul ayında qiymətlərin artması bazar üçün iyun ayındakı azalmadan sonra adi bərpa halıdır.
Ekspert əlavə edib ki, ötən ilin iyul ayı ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər 1,7 faiz artıb. Onun sözlərinə görə, bu, ticarət obyektlərinin icarəsi və torpaq bazarında bahalaşma ilə əlaqədardır:
"Ötən ilin iyul ayı ilə müqayisədə təkrar mənzil bazarında qiymətlər 5,44 faiz, torpaq bazarında 12,1 faiz, kommersiya obyektlərinin icarəsi bazarında 14,51 faiz artıb. Eyni zamanda, ilkin mənzil bazarında qiymətlər 1,55 faiz, kommersiya obyektləri bazarında qiymətlər 8,98 faiz, mənzil kirayəsi bazarında 3,56 faiz, fərdi və bağ evləri bazarında 5,22 faiz ucuzlaşıb".