"Bizim ipəkləri 36-60 manata alıb, Bakıda turistlərə 100-150 manata satırlar".
Qadin.Net bildirir ki, Bu sözləri Şəki İpək ASC-nin istehsalat şöbəsinin meneceri Qüdrət Quliyev publika.az-a açıqlamasında deyib. O bildirib ki, 2016-cı ildə 70 ton, 2017-ci ildə 240 tondan yuxarı, cari il üçün isə 510 tona yaxın barama istehsal olunub: "Kəlağayılar baramaqurdunun ağzından çıxan fibrain-seriksin maddəsindən hazırlanır. Qurdun ağzından ifraz edilən təbii məhlulun tərkibinin 75 faizi fibrain, 25 faiz isə seriksindən ibarətdir. Ona görə də məhlul ifraz edilən kimi oksidləşir və nəticədə saplar əmələ gəlir. Bu cür ipək sapların tərkibində heç bir qarışıq olmur. Azacıq anlayışı olan insan təmiz ipəyə toxunan zaman bunu başa düşə bilir".
Q.Quliyev bildirib ki, 10 kiloqram yaş baramadan 1 kiloqram ipək, 1 kiloqram baramadan isə 8 ədəd kəlağayı hazırlamaq mümkündür: "Bir rəng tonlarında və sadəcə gül təsvirli kəlağayılardan gün ərzində 50-60 ədəd istehsal edilir. Amma burada insan əməyi olduğu üçün ornamentlər, naxışlar çox və fərqli olduğu zaman müddət uzanır. Məsələn, kəlağayı üzərində 3 rəng işlənəcəksə, bu rənglərin hər biri bizim üçün bir gün deməkdir. Çünki onların hər biri 3 dəfə boyağa girir. Boyama zamanı rənglər qaradan ağa doğru dəyişir. Tünd rənglərdən açıq rənglərə doğru tonlar əlavə olunur. Biz hazırladığımız kəlağayıları ölçüsünə və bəzəklərinə görə qiymətləndiririk. Birrəngli və kiçik ölçülərdə olan kəlağıyalar 35 manata, daha uzun, müxtəlif rəngli və bəzəkli olanlar isə 60 manata satılır. Eyni zamanda biz müştərilərin istədiyi rəng və bəzəklərdə, istənilən yaş qrupu üçün sifarişlər də alırıq. Təəssüf olsun ki, bəzi ticarət adamları bizdən 30-60 manata aldığı kəlağayıları Bakıda və digər şəhərlərdə 100-150 manata satırlar”.