Son iki ildə Azərbaycanda qeyr-rəsmi nikahda olan qadınlar tərəfindən doğulan uşaqların təxminən 30 faizi yalnız ananın ərizəsi əsasında Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeydiyyata alınıb.Trend-in məlumatına görə, 2017-ci ildə Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan 22 796 uşağın 16 471-i hər iki valideynin, 6325-i tək ananın ərizəsinə əsasən, qeydiyyata alınıb. Tək ananın ərizəsi ilə qeydiyyata alınan uşaqlar ümumilikdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 27,75 faizini təşkil edib.2016-cı ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 30,5 faizi yalnız ananın ərizəsi ilə qeydiyyata götürülüb. Həmin ildə qeyri-rəsmi nikahda olan qadınlar tərəfindən doğulan 26 288 nəfər uşağın 18 262-i hər iki valideynin, 8026 nəfəri tək ananın ərizəsi ilə Qeydiyyat şöbələrində qeydiyyata alınıb.Son 15 ildə tək ananın ərizəsi əsasında ən çox uşağın qeydiyyata alındığı il 2013-cü il olub. Həmin ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan 25 069 uşağın 14 197-sinin qeydiyyata alınması üçün yalnız ana müraciət edib.Həm 2013, həm də 2003-cü ildə yalnız ananın ərizəsi ilə qeydiyyata alınan uşaqların sayı hər iki valideynin ərizəsi ilə qeydiyyata alınan uşaqların sayından xeyli çox olub. 2003-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan 11 882 uşağın 2606-sı hər iki valideynin, 9276-sı yalnız ananın ərizəsi ilə qeydiyyata alınıb.Qeyd edək ki, 2017-ci ildə Azərbaycanda 144041 uşaq dünyaya gəlib. Onların 121245-i rəsmi qeydə alınmış, 22796-sı rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilib. 2003-cü ildə doğulan 113 467 körpənin 101585-i nikahı rəsmi qeydə alınmış, 11882-si rəsmi qeydə alınmamış qadınlar tərəfindən dünyaya gətirilib.Xatırladaq ki, Ailə Məcəlləsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.