Norveç hökuməti yerli sərnişin təyyarə daşımalarının 2040-cı ilədək elektrik uçan aparatlara tam keçidini nəzərdə tutan elektrik sərnişin aviasiyasına tədricən keçid üzrə proqram qəbul edib. Bu barədə Norveçin "Avinor" aeroportlar operatorunun sifarişi ilə "Alpha Electro" elektrik təyyarəsinin sınaqlarını keçirən Sloveniyanın "Pipistrel" təyyarə istehsalçısının məlumatında deyilir.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, "Alpha Electro" təyyarəsinin test uçuşu Oslo aeroportunda keçirilib, ikinəfərlik təyyarənin sərnişini qismində isə Norveçin nəqliyyat naziri Ketil Solvik-Olsen çıxış edib. Sloveniya şirkətinin təyyarəsi 50 kilovat gücündə elektromotor və 21 kilovat-saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib. Bu, təyyarəyə 1 saatadək havada qalmağa imkan verir. Bundan əlavə, təyyarədə qəza enerji ehtiyatı nəzərdə tutulub.
Qeyd edək ki, yanacaq mühərrikli təyyarələrdən imtina üzrə proqram Norveçin müəssisə və şirkətləri tərəfindən karbon qazı tullantılarının azaldılması üzrə yerli layihənin tərkib hissəsidir. Plan 2030-cu ilədək CO2 tullantılarının ümumi həcminin 40 faiz azaldılmasını nəzərdə tutur. Belə ki, layihə çərçivəsində ölkə hakimiyyəti elektromobillərin satışının artmasına nail olub. Hazırda elektromobillərin Norveçdə ümumi avtomobil satışı həcmində payı təxminən 50 faiz təşkil edir. Ölkə hökuməti 2025-ci ildən etibarən mədən yanacağı ilə işləyən mühərriklərlə təchiz edilən avtomobillərin satışının tam qadağan olunmasının mümkün tətbiqini nəzərdən keçirir.
Qeyd edək ki, hazırda dünyada sərnişin daşımaları həyata keçirən seriyalı elektrik təyyarələri mövcud deyil, lakin belə hava gəmilərinin yaradılması üzərində bir sıra iri və kiçik şirkətlər çalışır. Sahənin inkişafı üçün əsas maneə müasir litium akkumulyatorlarının nisbətən zəif tutuma malik olması hesab edilir.