Qadin.NET / Ölkəmizdə bir günlük istirahətin qiyməti - ARAŞDIRMA

Ölkəmizdə bir günlük istirahətin qiyməti - ARAŞDIRMA

Ölkəmizdə bir günlük istirahətin qiyməti - ARAŞDIRMA


Yayın gəlişi ilə insanlar dincəlmək, öz məzuniyyətlərini rahat şəkildə keçirmək üçün bölgələrə, müxtəlif istirahət mərkəzlərinə üz tuturlar. Kimi otellərdə və ya koteclərdə qalır, kimi qohum-əqrəbasının yanına gedir, kimisi də şəxsi evləri kiraləyir.
Ölkəmizdə dincəlmək istəməyənlər isə xaricə üz tuturlar. Azərbaycanlıların istirahət üçün ən çox getdiyi ölkələr əsasən Gürcüstan və Türkiyədir. Mövsümlə əlaqədar bölgələrdə, xüsusilə Quba və Qəbələ rayonlarında olan 5 ulduzlu otellərdə isə qiymətlər bir qədər bahadır.

Qadin.Net Milli.Az -a istinadən rayonlarımızdakı otellərdə müştərilərə təklif olunan qiymətləri araşdırıb.

Belə ki, "Quba Palace" oteldə yemək daxil olmaqla bir nəfərin günlük qalması 329 AZN, "Cənnət bağı" oteldə səhər yeməyi daxil 115 AZN-dir, "Terrace Quba" otelin koteclərində isə qiymət 60 manatdan başlayır. Qubada şəxsi evlərdə qalmaq xərci isə azı 30-40 manatdır.

Şəkidə "Marxal Resort & Spa" oteldə səhər yeməyi daxil bir nəfərin qalmaq xərci 135 AZN, "Şəki Palace" oteldə isə bir günlük xərc 80 AZN təşkil edir. Şəkidə şəxsi evlərdə bir günlük qalmaq nisbətən ucuzdur - 10 manatdan başlayır.Qəbələdə yerləşən otellərdə səhər yeməyi daxil qiymət nisbətən bahadır. "Qafqaz Tufandag Mountain Resort" oteldə səhər yeməyi daxil bir günlük qiymət 332 AZN, "Qafqaz Sport" oteldə 1040 AZN, "Qafqaz Riverside Resort" oteldə 1194 AZN-dir.
Masallı rayonunda yerləşən "Viləş Palace" oteldə səhər yeməyi daxil bir nəfərin xərci 70 AZN, "Masallı" və "Karal" otellərində 30 AZN, Lənkəranda yerləşən "Xəzər Palace" oteldə 90 AZN, "Kaspi Sahil Lənkəran" oteldə 60 AZN-dir.Milli Məclisin deputatı Elmira Axundova AzVision.az-a bildirib ki, Azərbaycanda otellərin qiymətləri insanların cibinə uyğun deyil. Lakin o, dünya ölkələri ilə müqayisədə yerli otellərdə qiymətlərin baha olmadığını düşünür."Xaricdən Azərbaycana gələnlərin sayının artması qiymətlərin baha olmaması ilə əlaqədardır. Məsələn, Parisdən gələn burada "Hilton" oteldə 80 dollara qalır, amma bizdən Parisə və ya İngiltərə gedən 100 dollara otel tapa bilməz. Bu yaxınlarda kitab təqdimatım üçün Budapeştə getdim, orada otelə 150 dollar pul ödədim. Bizim insanlarımız üçün bölgələrdə otellərdə qalmaq nisbətən bahadır.Məsələn, Masallıda "Daşvənt" oteldə gündəlik 80 manat vermək və üstəlik yemək üçün 40 manat ödəmək insanlar üçün münasib deyil. 2 və 3 ulduzlu otellərin olması vacibdir. Xaricdə hər növ təbəqə üçün qiymətlər, turist sferası var. Bizdə isə hər şey sanki bir təbəqə üçün nəzərdə tutulur".
Deputat son vaxtlar bu istiqamətdə dəyişiklərin edildiyini qeyd edib. "Məsələn, 2-3 günlük turlar təşkil edilir, insanlar gedib rayonlarımızı gəzirlər. Bu gün Gürcüstanda da qiymətlər qalxıb. Restoran xidmətləri, otellər əvvəlki illərlə müqayisədə bahalaşıb. Türkiyədə isə turizm sahəsi yüz illərdir inkişaf edir, dünyada birinci yerdədir. Azərbaycanda bu sahəyə son 10 ildir diqqət ayrılmağa başlanıb. Bu gün artıq başqa ölkə əhalisinin Azərbaycanın turistik bölgələrinə, kurort şəhərlərinə, xüsusilə Naftalana diqqəti artıb".Turizm eksperti Eldar Aslanov isə bildirib ki, hər bir insan tətilə getməmişdən öncə, məsələn, 1 həftə və ya 1 ay öncə qərar verməməlidir. Onun sözlərinə görə, insanlar gedəcəkləri yerləri, qiymətləri əvvəlcədən bilməlidirlər.
"Öz ailələrinə, şəxsi əlaqələrinə görə seçimlərini etsələr, istirahət daha ucuz başa gələr. Hər kəsin otellərdə istirahət etməyi vacib deyil. Bölgələrimizdə koteclər, kənd evləri icarəyə verilir. Qiymətlər isə 20-30 manatdan başlayır. Şəkinin kəndində təbiətin qoynunda bir evin gecəsi 30 manatadır. Bəzən daha aşağı qiymətə - 15-20 manata rahatlıqla ev tapa bilərsiniz. Kənd məhsullarını alıb özünüz nahar hazırlamaqla və ya bəzən qaldığınız evin yeməklərindən istifadə etməklə, günü 40-50 manata bağlayaraq istirahət edə bilərsiniz. Əgər istirahət etmək istəyirsinizsə və xüsusilə xanımlar heç nə hazırlamaq istəmirsə, onda otellərin xidmətlərindən faydalanmaq olar. 60-80 manatdan başlayaraq xidmətlər almaq mümkündür. Lakin ortalama qiymət 100-140 manat civarındadır. İstirahət isə büdcədən asılıdır. Qara dəniz sahillərinə, Gürcüstan kurortlarına gəlincə, orada daha geniş çeşid var. Mövsümdə təyyarə biletlərini tapmaq bir qədər çətin olur. Bəzən insanlar bu səbəbdən şəxsi avtomobilləri ilə istirahətə gedirlər".E.Aslanov qeyd edib ki, bölgələrdə hər bir kəsin büdcəsinə uyğun istirahət etmək mümkündür. Bunun üçün gedilən yer barədə ətraflı məlumat almaq lazımdır.
28 iyun 2018
GO BACK