Qadin.NET / Anomal istilərlə bağlı işlər dayandırılacaq?

Anomal istilərlə bağlı işlər dayandırılacaq?

Anomal istilərlə bağlı işlər dayandırılacaq?


Son günlər Bakıda, eləcə də Azərbaycanın bir sıra bölgələrində müşahidə olunan isti hava şəraiti iş yerlərində işçilərin təhlükəsizliyi məsələsini də gündəmə gətirib.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin dediyinə görə, havaların isinməsi ilə əlaqədar günvurmadan xəstəxanaya müraciət edənlərin sayı artıb. Onun sözlərinə görə, bu il havalar isti keçəndən bəri Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 14 müraciət daxil olub. Onlardan 10 nəfəri kişi, 4 nəfəri isə qadındır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirlik gözlənilən isti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Xəbərdarlıqda deyilir ki, iyulun 2-dək Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib ki, soyuq və isti havalarda işlərin dayandırılması məsələsi Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində işləyərkən onlara fasilələr verilir və iş dayandırılır. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Fazil Talıblı qeyd edib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbərdarlıqları əsasında işəgötürənlərə xəbərdarlıq edir. Hələlik havanın temperaturunun 41 dərəcəyə qədər artacağı ilə bağlı xəbərdarlıq edilməsə də, Dövlət Əmək Müfəttişliyi Xidməti vəziyyəti diqqətdə saxlayır və şəraitə uyğun müvafiq qərarlar verilə bilər.

28 iyun 2018
GO BACK