Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Müqəddəs Ramazan bayramı münasibətilə sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
İlahi hikmətlər xəzinəsi Qurani-Kərim "on bir ayın sultanı" sayılan mübarək Ramazan ayında nazil olmuşdur. Müsəlmanlar bu ayda Uca Yaradan qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edir, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
Orucluq mərasimləri hər il cəmiyyətimizdə humanizmin, birlik və bərabərliyin təntənəsinə çevrilir. Bu mübarək ayda xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi naminə edilən bütün dua və diləklərlə həmrəy olduğumu bildirir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini minnətdarlıqla yad edirəm.
Əlamətdar haldır ki, builki Ramazan günləri müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubiley təntənələri ilə bir vaxta təsadüf edir. Müstəqil dövlətçiliyimizin bərpasından sonra ölkədə mütərəqqi islami dəyərlərin bərqərar edilməsi cəmiyyətimizin mənəvi-əxlaqi yüksəlişinə təkan vermiş, öz milli köklərinə daim sadiq qalan xalqımızın bütövlüyünü, vəhdətini və həmrəyliyini daha da gücləndirmişdir. Bu gün dövlət müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda Azərbaycanın oğul və qızlarının sarsılmaz mübarizə əzmi və yüksək vətənpərvərliyi tarixi ənənəyə və milli-mənəvi dəyərlərə bağlılığın bariz nümunəsidir.
Əziz bacı və qardaşlarım!
Könül xoşluğu ilə yola saldığımız Ramazan ayı artıq başa çatır. Bu əziz bayram günlərində bir daha etdiyiniz dua və niyyətlərin Ulu Tanrı dərgahında qəbul olunmasını arzu edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət diləyirəm.
Ramazan bayramınız mübarək olsun!"