Qadin.Net xəbər verir ki, bunu trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.
Sektor müdirinin sözlərinə görə, son onilliklər ərzində Azərbaycan üçün sərin iyun ayı xarakterik olmayıb.
U.Tağıyeva əlavə edib ki, 1990-cı ildən sonrakı müddət ərzində Bakıda iyunun ilk 11 günü ərzində ən aşağı temperatur 8.1 dərəcə temperatur olmaqla 1996-cı ildə, daha sonra isə 12 dərəcə isti olmaqla, 2003-cü ildə qeydə alınıb. Bakıda 2003-cü ildən sonra məhz bu il iyun ayında aşağı temperatur (ötən dövr üçün) müşahidə edilib. Bu il iyunda ən aşağı temperatur 15 dərəcə isti olub:
"Bu il iyun ayı bir qədər fərqlənir. Ayın birinci yarısı daha çox qeyri-sabit hava şəraiti ilə səciyyələndi. Hətta bəzi günlərdə havanın temperaturu iqlim normasından da aşağı enmişdi".
U.Tağıyeva qeyd edib ki, iyunun 12 və 13-də ölkə ərazisində hava bir qədər sərin keçəcək, temperatur enəcək. Bu prosesin şimal küləyinin güclənməsi ilə müşayiət olunacağı proqnozlaşdırılır:
"İlkin proqnozlara əsasən, növbəti sərin dövrün iyunun 18-19-da olacağı gözlənilir. Həmin dövrdə yenidən şimal küləyinin güclənəcəyi və havanın temperaturunun aşağı enəcəyi proqnozlaşdırılır".
Nazirlik rəsmisi bildirib ki, ümumilikdə iyun ayı yay fəslinin nisbətən sərin keçən ayıdır. Azərbaycanda isti günlər daha çox iyul-avqust aylarına təsadüf edir.