Müəllim şagirdinin atası ilə nənəsini məhkəməyə verdi.
Qadin.Net Milli.az-a istinadən bildirir ki, maraqlı hadisə Goranboyun Nizami kəndində yaşanıb. Həmin kənddəki məktəbin idman müəllimi Tehran Tağıyev dərs dediyi 5-ci sinif şagirdi Bakir Babayevin atası Arif Babayevi və nənəsi Tamella Babayevanı məhkəməyə verib. İdman müəllimi valideynlərdən 12 min manat təzminat tələb edir.
Tərəflər arasında yaranan mübahisəyə isə dərs zamanı topun cırılması səbəb olub. Müəllim yararsız hala düşən topu yenisi ilə əvəz etmək üçün Bakir Babayevdən 10 manat gətirməsini, əks halda oyuna buraxılmayacağını deyib.
Bakir Babayev təhsil ocağında baş verənləri valideyinlərinə danışdıqdan sonra uşağın atası nənəsi ilə birgə məktəbə yollanıb, müəllimə öz iradlarını bildiriblər. Babayevlər məsələnin həll edildiyini düşünsələr də, müəllim onları məhkəməyə verib.
Məktəbin direktoru Mədət Qurbanlı isə tərəflər arasında mübahisənin onun otağında davam etdiyini bildirib. O, tərəfləri sakitləşdirməyə cəhd etsə də, buna nail ola bilmədiyindən gözətçini cağıraraq müəllim və valideynləri məktəbin həyətindən uzaqlaşdırıb. Direktor onlar arasında yaranan mübahisənin illərdir davam etdiyini bildirib.
Hadisə ilə bağlı idman müəllimi Tehran Tağıyevin isə mövqe bildirməkdən imtina edib. Qeyd edək ki, iyunun 8-də Goranboy Rayon Məhkəməsində iddia üzrə ilkin baxış iclası keçiriləcək.