Qadin.NET / Oruc tutanlar - EHTİYATLI OLUN!

Oruc tutanlar - EHTİYATLI OLUN!

Oruc tutanlar - EHTİYATLI OLUN!


Artıq Ramazan ayının bir neçə günü geridə qalıb. Mütəxəssislər deyir ki, qidalanma intervalı özünəməxsus "stress" yaratdığına görə, orqanizm bütün zəruri vitaminlərlə təmin edilməlidir.

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, bu əlamətdar ayda menyu mütləq gözdən keçirilməli, qida sağlam və balanslı şəkildə qəbul edilməlidir.

Həkimlər iftar zamanı həddindən artıq yeməyi məsləhət görmürlər. 

Həzm sisteminin yüklənməsi yuxu rejimini də poza bilər. İftarı bir stəkan su və bir neçə xurma ilə açmaq Ramazan qaydalarından biridir. Çünki xurma mədə-bağırsaq sistemi üçün olduqca xeyirlidir, bağırsaqları təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır, mədənin şirəsini azaldır. 

Əkrəm Həsənov - İlahiyyatçı: "Xurmanın bir çox faydaları var. Həm də immuniteti gücləndirir. Ona görə də tövsiyə edilib ki, iftar açanda xurma ilə açın. İndi bəzi müsəlmanlar səhər yeməyinə belə qalxmırlar. Axşamlar da yeyib yatırlar".

Susuz, insan orqanizmində proseslərin baş verməsi, o cümlədən ürək, qan dövranı və həzm sisteminin fəaliyyəti mümkün deyil. Həkimlər Ramazan ayının isti yay günlərinə təsadüf etdiyini nəzərə alaraq oruc tutanlara maye qəbulu ilə bağlı diqqətli olmağı tövsiyə edirlər. Rasionda duzlu və şirin qidalara mümkün qədər yer verməmək lazımdır.  

Ofeliya Rzayeva - Terapevt: "Çalışın qazlı sulardan istifadə etməyəsiniz. Adi su insanı tam stabil vəziyyətdə saxlayır. Əgər bacarırsızsa, karbohidratlardan, yəni şirniyyatlardan uzaq durun. Bunlar ağırlıq törədir insana. Yeyəndən sonra yatırsızsa, bu, sizə ağırlıq verəcək".

Ümumiyyətlə, Ramazan ayında bəslənmə vərdişlərində ciddi dəyişikliklər tövsiyə edilir. İmsak və iftarda orqanizmin ehtiyacı olan vitamin, mineral, karbohidrat, protein və yağlar yetərli miqdarda alınmalıdır. Çox yağlı, qızardılmış yeməklərin qəbulu məsləhət görülmür.

Ofeliya Rzayeva - Terapevt: "Fikirləşirsən ki, mən çox yeməklə qidalanım və bu ehtiyacımı ödəyim. İftarı çalışın qaynamış su ilə açın. Soyuq su mədəyə ziyandır. Sonra sulu yemək yeyəsiz. Nə yeyirsizsə, yüklənmədən yeyin". 

Bəzən oruc tutmaq zəifləmək və ya arıqlamaq üçün fürsət kimi dəyərləndirilir. Həkimlər bu düşüncəylə razılaşmırlar. Çünki gün boyu ac qaldıqdan sonra qidanın axşam, bir neçə qat artıq qəbul edilməsi çəkidə əksinə problemlər yaradır. Ümumiyyətlə, insan hər zaman şüurlu şəkildə qidalanmağı bacarmalıdır. Bütün müsəlmanlara bu müqəddəs ayı sağlam başa vurmağı arzu edirik.

24 may 2018
GO BACK