Kifayət qədər sənədsiz torpaq əldə etmiş insanlar var ki, həmin ərazilərdə ev də tikiblər.
ARB TV-nin "Günə doğru" verilişi evlərini tez-bazar tikib məskunlaşanların problemlərlə üzləşəcəyi və sənədləşmənin mümkün olması barədə reportaj hazırlayıb.
Tələskənlik və qanunsuz yolla tikilmiş evlər sonda insanları çıxılmaz vəziyyətdə qoyur. Elə Şəkinin Qoxmuq kənd sakini Ramil Məmmədov kimi:
"Bizim mülkümüz yoxdur. Çünki sənədi yoxdu. Yəni sabah ürəyi istəyən orqan gəlib bizi çıxara bilər. Qanuna uyğun deyil".
Samir Şərifov - hüquqşünas: "Heç bir sənədi olmayan torpaq sahəsində tikintiyə də icazə verməyəcəklər. Dolayısı ilə həmin əmlak üzərində sərəncam vermək hüquqlarının yaranması qeyri-mümkün olacaq. Gələcəkdə nə həmin torpaq sahəsini sata biləcəklər, nə də girov qoya biləcəklər".
Ekspertlər hesab edir ki, məsələ ilə bağlı cəza tədbirlərinin görülməsi hələlik real görünmür.
Ramil Osmanlı - Ekspert: "Bu, xaotik vəziyyət alıb. Nəzarət etmək imkanları da bir qədər məhduddur. Hesab edirəm ki, onları ucdantutma sökmək olmaz, çünki belə tikililərin sayı 10.000-lərlədi.
Problemin çıxış yoluna gəlincə isə...
Ramil Osmanlı - Ekspert: "Həmin torpaqların təyinatı dəyişdirilməlidir. Üzərində inşa olunan fərdi yaşayış evlərinə sənəd verilməlidir ki, həmin mənzillərin alqı-satqısından dövlət büdcəsinə vergi ödəmələri həyata keçirilsin, mənzillərin qeydiyyatına görə dövlət büdcəsinə vəsaitlər daxil olsun və vergi ödəmələrindən yayına bilməsinlər".
Samir Şərifov - Hüquqşunas: "İnşa olunacaq tikilinin layihəsini işləyir və onu göndərir rayon icra hakimiyyəti orqanlarına. 3 gün ərzində vətəndaşa məlumat göndərilir. Yəni artıq 1 ay keçdikdən sonra vətəndaş həmin layihə əsasında tikinti apara bilər".
Bir sözlə, özbaşına tikinti aparan şəxs həmin tikintiyə mülkiyyət hüququ əldə etməmiş olur. Ona görə də yeni ev tikərkən öncə lazımi prosedurlar aparılmalıdır. Nəticədə vətəndaş evinə sənəd almaqla həm gələcəyini sığortalayar, həm də büdcəyə əlavə gəlir gətirər.