Qadin.NET / Fironun klonu necə xilas oldu?

Fironun klonu necə xilas oldu?

Fironun klonu necə xilas oldu?

Fironun klonu necə xilas oldu?

Xanım Anelanın “Amarna günahkarları” romanı haqda qeydlər

Azərbaycan romançılığının çağdaş ədəbi düşüncə müstəvisində yenidən və daha ətraflı araşdırılmasını ədəbiyyatşünaslığın, ədəbi tənqidimizin qarşısında duran başlıca vəzifələrdən hesab edirəm. Son dövrlər Azərbaycan romançılığı öz durulma, sakitlik mərhələsini yaşayır. Cəmi 4-5 il əvvəl ədəbi mühitdə “roman bumu” müzakirə olunduğu halda, hazırda nisbətən durğunluqdur. Artıq roman yazmağın necə ağır və çətin iş olduğunu anlayan qələm adamları, gücləri, nəfəsləri çatan işlə məşğul olur desək, yanılmarıq. Amma hər halda yeni romanlar yazılır, özünü təsdiq etmiş imzalar romançılıq faliyyətini davam etdirir, ara-sıra yeni və gənc müəlliflər boy göstərir. Ədəbi tənqidin reaksiyası bir qədər ləng olsa da yazılan ciddi romanlar diqqətdən kənarda qalmır.

Ümumiyyətlə, yeni imzaların təqdimatı əvvəlki illərə nisbətən ürəkaçan deyil. Müşahidələrimə əsasən deyə bilərəm ki, ədəbi mühitdə, ədəbiyyatımızda sakitlikdir. Nəisə çatmır və şəxsən mən nəyin çatışmadığını dəqiq təsbit edə bilmirəm. Amma hiss edirəmki, müzakirələr, ədəbi polemikalar xeyli dərəcədə azalıb, ədəbi mükafatlar ard-arda uğurusuzluqla yekunlaşır və yazıçılarımız sanki yorulub.

Sevindiricidir ki, bu “susqunluqda” da yeni əsərlər yaranır. Nəşriyyatlar yerli müəlliflərə qayğısını davam etdirir. Yerli nasirlərimiz kitabdan pul qazanmasa da, kitab çapı ilə bağlı ciddi problemlər müşahidə olunmur. Həm gənc, həm də artıq imzasını təsdiq etmiş yazıçılarımız yeni əsərlərini çap etdirə, təqdim edə bilirlər.

Bu yaxınlarda Xanım Anelanın “Amarna günahkarları” romanını oxudum. Roman 2018-ci ildə “XAN” nəşriyyatında, “İlk kitab” layihəsi çərçivəsində işıq üzü görüb. Romanın süjet xətti və mövzusu diqqətimi çəkdiyi üçün, bəzi qeydlərimi həm müəlliflə, həm də oxucularla bölüşmək istədim. Tarixi-fantastik janrda qələmə alınmış romanda hadisələr Misir, Amerika və Azərbaycanda baş verir. Romanın əsas qəhrəmanı yazıçı xanımdır. Öncədən qeyd edim ki, peşəkar baxımdan romanda xeyli qüsurlar, üslubi səhvlər var və müəllifin tələskənliyi ciddi şəkildə hiss olunur. Amma yuxarıda qeyd etdiyim kimi, mövzu və dinamik süjet xətti, müəllifin zəngin düşüncəsi və təfəkkürü xeyli dərəcədə diqqətimi çəkdi. Romanda müasir çağın maraqlı “şəhər əfsanələrindən” biri, insane klonlaşdırılması məsələsi əsas xətti təşkil edir.

Azərbaycanlı misirşünas Tamerlan Babayev Misir pramidalarında tədqiqat apararkən, mumiyalardan birinin sümüyünü oğurlayaraq amerikalı dostu professor Stüarta verir. Hər iki alimin məqsədi əldə etdikləri sümüklərin əsrlərlə əvvəl ölmüş sahiblərinin klonunu yaratmaqdır. Professor Stürat və azərbaycanlı misirşünas Tamerlan Babayev istəklərinə nail olsalar da, ciddi problemlərlə qarşılaşırlar. Etdikləri böyük cinayətdir və qisasçılar onları təqib edir… Stüartın klon-oğlu Aton ətrafındakı insanlardan ciddi şəkildə fərqlənir və öz qəribə yuxularını və narahatlıqlarını araşdırır. Çıxdığı yolda Professor Babayevin qızı Nifayla rastlaşan Atonun taleyi Misirdə həll olunmalıdır. O, Misir fironu Amanhotebin – Ehnatonun klonu olduğu üçün onu məhv etmək istəyənlər var. O anasının – Nefertitinin mumiyasını tapmaq istəyir. Bu işdə ona, yalnız professor Babayevin yaratdığı klon – yazıçı Leyla kömək edə bilər. Süjet və mövzu çox maraqlı olduğu üçün kitab birnəfəsə oxunur, oxucunu intizarda saxlamağı bacarır.

Amma təəssüf ki, romanda çatışmazlıqlar kifayət qədərdir. Müəllifin ilk kitabın həyəcanına qapılaraq tələsdiyi hiss olunur. Bu hiss mənə tanış olduğu üçün müəllifi qınamaq istəməzdim. Amma “Amarna günahkarları”nın yenidən işlənməyə, genişləndirilməyə ehtiyacı var. Məhz tələskənlik səbəbindən müəllifin təhkiyəsi ürəkaçan, peşəkar deyil.

Bildiyim qədər, “Amarna günahkarları” Xanım Anelanın ilk roman təcrübəsidir. Hər halda qəbul edərsə, romanın növbəti nəşrində sadaladığım qüsurları da nəzərə ala bilər.

İstənilən halda müəllif kimi cəsarətli addım atıb bu romanı ərsəyə gətirdiyi üçün müəllifi təbrik edirəm.

Cəlil Cavanşir, yazar-tərcüməçi
11 may 2018
GO BACK