Qadin.NET / Müəllim şikayəti

Müəllim şikayəti

Müəllim şikayəti


Təhsil problemlərindən danışılanda daha çox üstündə durulan məsələ valideyn, şagird və məktəb üçbucağını qabardırıq. Bizə görə, valideyn-şagird-məktəb üçbucağı sanki, valideynin də şagird kimi məktəbə gəlməsi, müəllimlə bərabər sinifdə işləməsidir. Əslində isə müəllimin valideynlə əl-ələ verərək cəmiyyət üçün vətəndaş hazırlamalı olduqlarını hamımız bilirik.

Amma di gəl ki, bu məsələ heç cür baş tutmur: ya valideynin günahından, ya da məktəbin, yəni müəllimin. Bu işdə şagirdlik heç nə yoxdur. Onsuz da o, etdiyini edib, ikisinin arasında körpü yaradıb. Bu ikisi yola getmir ki, getmir. Yəni, bir sözlə, valideynimiz məktəbə gəlmir, məktəbdən qaçır, məktəb onun üçün bir yükə çevrilib, məktəb ona əlavə qayğılar və problemlər yükləyir.

 Kimsə deyə bilər ki, bunun birinci səbəbi rüşvətdir. Qəti əleyhinəyəm. Oturub soyuq başla düşünməliyik, axı valideyn məktəbə niyə gəlmir, niyə inanmır? Ümumiyyətlə, valideyn məktəbə niyə gəlməlidir ki? Siz çox baş sındırmayın, mən deyərəm indi.

          Valideyn iclaslarını təsəvvür edin. 30-35 nəfərlik bir iclas. Bütün analar gəlib. Sadəcə bir qoca baba, bir də həyat yoldaşınının – “bir get uşağınla maraqlan, tək mənim deyil ki, necə atasan!” – danlağından sonra iclasa gəlib çıxmış ata.

Sinif rəhbəri isə şikayətlənir:

– Uşaqlarınız zəng vurulan kimi ipdən qurtulmuş dana kimi çölə qaçırlar. Bütün günü dərsdə danışırlar. O Vəli var ha, biz ona otur deməkdən yorulduq, o oturmamaqdan yorulmadı, bütün dərs boyu ayaq üstədir. O gün direktorun yanından elə güllə kimi keçdi ki, lap xəcalət çəkdim Həsənin yerinə. Hər dərsdə yubanırlar, müəllimdən sonra gəlirlər dərsə, hər şeyə gülürlər.

Sonra da digər fənn müəllimləri şikayətlənməyə başlayır:

– Ərturan məni saymır, dərsimi oxumur, gec gəlir hər dəfə. Necə olur ki, riyaziyyatdan 5 alan uşaq tarixdən 3 alır? Bütün uşaqlar da onun arxasınca gedir, hər dəfə dərsi pozurlar, lazımsız sual verib məni danışdırırlar. Cavab da verməyəndə siz deyirsiniz, niyə uşağın sualına cavab vermirəm. Axı belə olmaz.

Gələk birinci şikayətə, yəni zəng məsələsinə. Əgər bir müəllim dərsdən 2 dəqiqə gec çıxarsa, sonrakı müəllim 2 dəqiqə tez gələrsə, 15-20 dəqiqədən sonra dinləmək və anlamaq üçün zehin qapağı bağlanan uşağa 1 dəqiqə qalır. O da müəllim dərsdən çıxan kimi nəfəs almaq üçün bayıra atılacaq və dərsə də gec gələcək. Ümumiyyətlə, 5 dəqiqəlik zəng 45 dəqiqə üçün çox azdır və bu, uşaqların hərəkət etməsinin qarşısını alır. Üstəlik, dərs maraqsız və yorucu olarsa...

“Müəllim” sözünü ana dilimizdəki “Öyüdçü” sözü ilə əvəz etsək, görərik ki, şagird məktəbə müəllimdən davranış, mədəniyyət, dinləmə, danışma kimi qaydaları öyrənmək üçün qoyulur. Müəllimin də vəzifəsi zaman-zaman bu problemləri aradan qaldırmaqdır. Amma biz bunları valideynin üstünə atmaqla onu məktəbdən bezdirir, usandırırıq.

Əgər bir şagird müəllimin dərsindən yayınırsa, dərsləri oxumursa, bir sinif müəllimi bütövlükdə dinləmirsə, deməli, müəllim o sinfi idarə edə bilmir. Bir sinfi idarə edə bilməyən müəllim isə artıq diplom daşıyıcısıdır, məncə. “Müəllim həm də psixoloqdur” prinsipi ilə yanaşsaq, bütün bunların baş verməsində yeganə günahkar onun özüdür. Müəllim hansısa materialı əzbərləyib şagirdlərə danışan robot deyil, müəllim ən islaholunmaz, ailədən yanlış tərbiyə alan şagirdləri düzgün istiqamətləndirməli, onlara təsir edəbilmə gücünə sahib olmalıdır. Bu, yalnız bu günün tələbi deyil, tarixən belə olub. Dərsi maraqsız keçən müəllim uşaqların sevimlisi ola bilmir və o ciddi şəkildə reytinq itirir. Bu gün təhsilin qarşısında duran məsələ şagirdin məktəbdə xoşbəxt olub-olmamasıdır. Araşdırsaq görərik ki, əksər uşaqlar məktəbə həvəslə getmir. Çünki orda yorulur, əylənmir, öyrənmir, öyrəndiyinin nəyə gərəkli olduğunun fərqində deyil. Bunun üçün də müəllimlər dərsi elə qurmalıdırlar ki, şagird onu maraqla dinləsin, onun şəxsiyyətinə hörməti artsın.

Təhsilimizdə olan ciddi problemlərdən ən əsası müəllimlərimizin valideynə yerli-yersiz şikayətlənməsidir. Məncə, müəllimlərin valideynlə təmasını kəsərək, şagirdin problemlərini psixoloq, ya da məktəb rəhbərliyi valideynə bildirsə və ya müzakirə etsə, ciddi dəyişikliklər görərik. Bunun üçün müəllimin şagirdin sinifdə “burnunu qurdalamasını”, aktivliyini, dəcəlliyini, dərsə qulaq asmamasını, dərsdən qaçmasını bir qayğıkeş ana kimi ataya bildirmədən həll etməsi, onu müxtəlif yöntəmlərlə idarə etməsi vacibdir.

Bu problemlərin fonunda valideynin də öhdəsinə ciddi yük düşür. Yəqin ki, gələn yazılarımda bu mövzuya da xüsusi toxunaram.

F.ü.f.d., dos. Şəmil Sadiq,

Hədəf STEM Liseyinin direktoru

 

5 may 2018
GO BACK