Qadin.NET / Bu həkimlər cərimələnəcək

Bu həkimlər cərimələnəcək

Bu həkimlər cərimələnəcək


"Resept yazarkən bioloji aktiv maddələrin adlarını da qeyd edən həkimlər barəsində inzibati qaydada məsuliyyət tədbiri görüləcək".

 Qadin.Net trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

O qeyd edib ki, bir çox Avropa ölkələrində olduğu kimi, artıq Azərbaycanda da bioloji aktiv maddələr geniş istifadə olunur:

"Həkimlər resept yazarkən bu maddələrin adlarını resept blanklarına əlavə edərsə, onlar barəsində inzibati qaydada məsuliyyət tədbiri (cərimə) görüləcək. Çünki dərk edilməlidir ki, bioloji aktiv maddələr qida əlavəsidir. Onlar müalicə məqsədilə istifadə olunmur. Xəstəliklərin müalicəsində sırf dərman preparatlarından istifadə etmək lazımdır. Gərək hər həkim bu fikri öz xəstələrinə izah etsin".

E.Əzizov əlavə edib ki, bioloji aktiv maddələr dərman vasitələri olmadığından istehsalçılarına da bioloji aktiv maddələrin üzərində onların dərman vasitəsi olmadıqları barədə bildiriş qeyd edilməsi tələbi qoyulub. Bu tələbə riayət etməyənlər üçün məsuliyyət nəzərdə tutulub.

O xatırladıb ki, dərmanlar apteklərdən reseptlə və ya reseptsiz buraxıla bilər. Reseptləri buraxılan dərman vasitələrinin siyahısı Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənir.

Nazirlik rəsmisi bildirib ki, reseptlə buraxılan dərmanların reseptsiz buraxılmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən 250 manata qədər cərimələnmə nəzərdə tutulur:

"Nazirlik bu sahədə çalışan sahibkar və vətəndaşları məlumatlandıraraq bildirir ki, əczaçılıq fəaliyyəti sahəsində qanunvericiliyin şərtlərinə əməl edilməlidir. Reseptlərdə dərmanlar beynəlxalq patentləşdirilməmiş adı ilə yazılmalıdır. Lakin ölkədə hələ də reseptlərdə dərmanların adları belə qaydada yazılmır və reseptlərdə dərmanların ticari adla yazılması həkimlər tərəfindən davam etdirilir. Həkimlərə müraciət edərək bildiririk ki, hər bir həkim reseptlərdə dərmanların beynəlxalq patentləşdirilməmiş adını qeyd etsinlər. Bu qaydalara apteklər də riayət etməlidir. Yəni onlar da tələblərə uyğun yazılmayan reseptlərlə dərman satmamalıdırlar. Təəssüf ki, bu gün əczaçılıq şirkətləri həkimlərlə razılaşmalar əldə edirlər. Bu cür neqativ halların qarşısını almaq üçün həkimlərin reseptlərdə dərmanları ticari adla yazmasına icazə verilmir".

3 may 2018
GO BACK