Rayonlarda, kəndlərdə məktəbəqədər təhsil müəssisələrinin sayı çatışmır. Valideynlər deyirlər ki, mən uşağımı haraya qoyacağımı bilmirəm. Sonra məktəb direktorları da belə uşaqları I sinfə qəbul etmirlər ki, o bağçaya getməyib.
Qadin.Net trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə üzvü Gövhər Baxşəliyeva deyib.
Komitə sədri İsa Həbibbəyli isə qeyd edib ki, bütün uşaqların məktəbəqədər təhsil müəssəsisələrinə getməsi vacib deyil: "Vacib deyil ki, hamı uşağını bağçaya qoysun. Amma işləməyə məcbur olan valideynlər uşaqlarını bağçaya 1 yaşından sonra qoya bilərlər. Regionların hamısında uşaqların 1 yaşından bağçalara qəbul edilməsi üçün üçün imkan yoxdur. Lakin imkanı olan bağçalar uşaqları 1 yaşından qəbul edə biləcəklər ".
İ.Həbibbəyli qeyd edib ki, "Təhsil haqqında" qanun 2009-cu ildə qəbul olunarkən ölkədə məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi zəif idi: "Ona görə də o zaman uşaqların 1 yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi müddəasının qeyd edilməsi düzgün olmazdı. Amma indi şəbəkə genişlənib. Məktəbəqədər təhsil müəssisələrinin sayı artıb. Bundan sonra Bakıda tikilən bütün çoxmərtəbəli binaların hamısının 1-ci mərtəbəsində bağça olacaq".