Son illərdə yenidoğulanlara öyrəşdiyimiz Azərbaycan adlarından uzaq olan, daha çox xarici seriallarda rastlaşdığımız əcnəbi adların qoyulmasına maraq artıb.
Qadin.Net trend-ə istinadən xəbər verir ki, bəzi əcnəbi adlara olan maraq yalnız son 3 il ərzində 2 dəfə, bəzi adlara olan maraq isə 3 dəfəyə yaxın artıb.
Apardığımız araşdırmalardan bəlli olur ki, Azərbaycan adı olmayan adlar daha çox qız uşaqlarına verilir.
Maraqlıdır ki, Türkiyədə ən çox qoyulan adlardan biri olan Miray adına olan maraq son 3 il ərzində Azərbaycanda 3 dəfəyə yaxın artıb. 2014-cü ildə bu ad 104 qıza qoyulduğu halda, 2017-ci ildə bu göstərici 290-a yüksəlib.
Türkiyədə qız uşaqlarına verilən Elay adı da son dövrlərdə sevimli ada çevrilir. Ötən illərin statistikası göstərir ki, Azərbaycanda Miray adından bir qədər geridə qalan Elay adına olan maraq az olmayıb. 2014-cü ildə bu ad 150, 2017-ci ildə 161 nəfərə qoyulub.
Elif adına olan marağın nəticəsidir ki, son dövrlərdə yalnız bir il ərzində bu ad təxminən 200 qıza qoyulur. Ümumilikdə son 5 il rəzində 862 uşağa Elif adı verilib.
Melisa adı isə son 5 il ərzində 414 nəfərə verilib. Bu müddət ərzində hətta 1 nəfərə Melisa Sultan, 1 nəfərə Melisahatun adı qoyulub.
Sunay adı son 5 ildə 571 nəfərə qoyulsa da, bu ada olan maraq əvvəlki illərlə müqayisədə azalıb. 2014-cü ildə bu ad 202 nəfərə qoyulsa da, 2017-cü ildə bu ad 109 nəfərə qoyulub.
Qədim türk mənşəli sun (parça, tikə, hissə) + ay (planet) sözlərindən düzələn və "Ay parçası" mənasını verən Sunaydan fərqli olaraq, yunancadan "müdriklik" mənası verən Sofiya adına olan maraq artır. Bu ad son 5 ildə 458 qıza verilib. 2014-cü ildə Sofiya adı 80 nəfərə qoyulsa da, 2017-ci ildə bu ad 152 nəfərə verilib. Son 5 ildə 265 nəfər qıza verilən Safiya adı isə 2014-cü ildə 46, 2017-ci ildə 78 qıza qoyulub.
Son 5 ildə Emilya adı 225, Əsmanur adı 369, Cansu adı 315, Esra adı 119, İlayda adı 220, Elifnur adı 19, Esranur adı 5, Burcu adı 1, Özgür adı 64, Eren adı 4, Oğur adı 1, Erdem adı 2 nəfərə qoyulub.