Bakıda çoxmərtəbəli binaların tikintisinə qadağa qoyula bilər. Belə bir təkliflə deputat Azər Badamov çıxış edib. Millət vəkili belə bir halın beynəlxalq praktikada mövcud olduğunu deyir.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" verilişində maraqlı sujet yayımlanıb.
Qonşu Türkiyədə bu qadağa mərtəbələrin sayının azalması ilə tətbiq olunur. Əslində, bütün dünyada meqapolislərdə çoxmərtəbəli binalara maraq böyükdür. Bu, təkcə gözəlliyə görə deyil həm də tikintinin maya dəyərinin aşağı salınmasına xidmət edir. İstənilən halda qiymətlərə təsir edən ən böyük faktor torpaq sahəsinin qiymətidir.
Bu gün 16 mərtəbəli binada bir kvadratmetr mənzilin qiyməti 5 mərtəbəli binadakı mənzildən qat-qat ucuz olur. Yəni məhdudiyyət tətbiq olunarsa, daşınmaz əmlak bazarında qiymətlər yüksələ bilər.
Razi Abbasbəyli - İqtisadçı: "Çoxmərtəbəli binaların inşası ilə bağlı məhdudiyyət qoyulacaqsa, bu, iqtisadi tərəfdən orta sahibkarlığa ciddi təsir göstərə bilər".
Rəşad Əliyev - Əmlak bazarı üzrə ekspert: "Şəhərin inkişafı, binaların tikilməsi sivil qaydada həyata keçirilməlidir. Əgər biz maya dəyərinə təsir edən faktorlardan danışırıqsa, bu, o demək deyil ki, kiçik ərazidə çox sayda binalar tikilməlidir".
Tikinti bumundan sonra paytaxtın mərkəzində baş qaldıran sıxlıq özünü yollarda tıxac problemi ilə göstərdi. Düzdür, müəyyən qədər bunun qarşısı yeni-yeni yollar, körpülərlə alınsa da, problem yenə də mövcuddur. Millət vəkili bunun üçün şəhərdən kənar ərazilərə göz gəzdirməyin vaxtı çatdığını deyir.
Azər Badamov - millət vəkili: "Şəhərin şəhərsalma məcəlləsinə uyğun tikilməsi lazımdır. 25-30 mərtəbəli binaların tikilməsi şəhərdə insan sıxlığı yaradar. Bu da yollarda hərəkət üçün çətinlik yaradar".
Ancaq bir məsələ də var ki, sahibkarlar şəhərdən kənarda tikinti aparmaq da maraqlı deyil. Həmin ərazilərdə infrastruktur problemi olduğundan tikinti şirkətləri burda bina ucaltmağa maraq göstərmir. Ekspertlər düşünür ki, şəhər kənarında binalar ucaltmaq üçün dövlət qurumlarını, universitetlərin bir hissəsi həmin ərazilərə köçürülməlidir.