Qadin.NET / "Bomj"ları modelə çevirən ingilis sehrbaz-VİDEO

"Bomj"ları modelə çevirən ingilis sehrbaz-VİDEO

"Bomj"ları modelə çevirən ingilis sehrbaz-VİDEO


Son illər insanlar sosial şəbəkələr vasitəsilə daha tez məşhurlaşırlar. Qadin.Net bildirir ki, publika.az-ın budəfəki həmsöhbəti hazırda internetin parlaq ulduzlarından biri, dünyanı gəzib, evsiz insanların saçını kəsib, saqqalını səliqəyə salan ingilis əsilli bərbər Coşua Kumbezdir.

- İcazənlə sənə "Coş" deyə, müraciət edəcəm. Mənə vaxt ayırdığın üçün minnətdaram.
 - Uzaq məsafədən məni axtarıb, tapdığın üçün sənə də "sağ ol" düşür.
- Coş, bir müddət öncə avropalı dostlarımın feysbuk səhifələrində sənin haqqında videolarla qarşılaşdım. Məncə, ürəyində bir az mərhəmət hissi olan hər kəs sənin bu addımına biganə qala bilməz. Dünyanı dolaşıb, evsiz, kimsəsiz insanların saçını, saqqalını kəsib, səliqəyə salırsan. Bu addımı atmağa nə vaxt qərar verdin?- Həyatımın böyük hissəsi səyahətlərdə keçib. Düşünürəm ki, buna məni öz köməksizliyim, tənhalığım vadar etdi. Həyatda yegəna çarəsizlik evsizlik deyil axı... Bəlkə də qəribə səslənəcək, amma mən o insanların görüşünə gedərkən özümü daha yaxşı hiss edirəm. Tək olmadığımı anlayıram. Buna qədər sanki cəmiyyətlə aramda nələrsə qopmuşdu. Həmin evsizlərə yaxşılıq edərək, insanlıqla itirdiyim əlaqəni bərpa edirəm.
- Sevindirdiyin o insanların gözündəki işartını görəndə kövrəlməmək olmur.- Çoxumuz ədalətsiz dünyada yaşadığımız üçün şikayətlənirik. Anlamırıq ki, bunu dəyişmək üçün özümüz də nə isə etməliyik. Doğrudur, bütün problemləri bir gecəyə həll edə bimərik, amma mən bu sonsuz kainata bacardığım işlə yardım etməkdən başladım. Saçlarına, üzlərinə düzən verdiyim insanların gözündə gördüyüm o xoşbəxt dünyada yaşamaq istəyirəm.
- Bəs bundan sonra həyatında nələr dəyişdi? Yəqin ki, daha da müdrikləşdin?- O insanların hər birinin acı həyatı mənim üçün böyük təcrübə oldu. Artıq həyatımın qapılarını hər kəsə açıq tutmağa çalışıram. Anlayırsan ki, xeyriyyəçilik xüsusi fond, yaxud sektor deyil. Bu şəxsi keyfiyyətdir və onu içimizdə axtarıb, tapmaq lazımdır.
- Razıyam. Ehtiyacı olan birinə toxunmağın verdiyi güvəni, ona uzatdığınız xırda pullar əvəz edə bilməz.- Təbii ki... Bəlkə də saç kəsmək kənardan adi prosesdir. Amma mən bununla yüzlərlə insana özünə inamı, sevgini yenidən bəxş edirəm. Bir dəfə işimi bitirəndən sonra soyuqdan büzüşən əlləri ilə məni qucaqlayıb, “hər şey yaxşı olacaq” deyən kişini heç vaxt unutmaycam.
- Sənə buna bənzər sual verəcəkdim. Bugünədək həyat hekayəsini unuda bilmədiyin insanla rastlaşmışan?- Ümumiyyətlə, bu insanların hər biri məndə dərin iz qoyur. Amma sizə ən çox düşündüyüm gənc haqda danışacam. Bir dəfə Parisdə idim. Həmişəki kimi vəzifəmi yerinə yetirmək üçün gəzişirdim. Birdən gənc bir oğlan məni səsləyib, 2020-ci ildə keçiriləcək prezident seçkilərində ona səs verməyimi xahiş etdi. Anladım ki, güclü yumor hissi var. Mən Londonda doğulub, böyümüşəm. Fransızcam da çox zəifdir. Buna baxmayaraq yaxınlaşıb, tanış oldum. Məlum oldu ki, adı Sedrikdir. İngiliscə də çox gözəl danışır. O da bir müddət Londonda yaşayıb, yaxşı vəzifədə işləyib. Öncə sevgilisi ondan ayrılıb, sonra anası dünyasını dəyişib, nəhayət işdən çıxarılıb. Artıq iki il idi ki, küçədə yaşayırdı və bu müddət ərzində saqqalına da, saçına da toxunmamışdı. Amma çox qəribədir ki, bu halı ilə də olduqca səliqəli görünürdü. Heç vaxt insanları mən mələyəm deyib, özümə bağlamıram. Amma Sedriklə aramızda çox qəribə bir istilik yarandı. Olduqca intellektli və dərin insan idi. Etiraf edirəm, hələ də onu düşünürəm.
"Bomj"ları modelə çevirən ingilis sehrbaz-VİDEO


- Aktual problemə toxunduq. Çox vaxt "dilənçi" deyib, yanından ötdüyümüz insanların bəlkə də lap 1 ay əvvəl bizdən də yaxşı işləri və həyatları olub.- Əlbəttə, bu şans məsələsidir. Bəzilərimizin həyatda maddi dəstəyi güclü olur. Digərlərimizinsə bəxti gətirməyə bilər. Mən onların həyatına təmas etdikcə görürəm ki, heç birimiz həyatın sərt üzündən sığortalanmamışıq və bu problem hər birimizə toxunur.- Maraqlıdır, həmin insanlarla sonradan əlaqə saxlayırsanmı?- Evim Londondadır, amma demək olar ki, həyatım səyahətlərdə keçir. Hətta bəzən yolüstü indiyədək 4-5 dəfə saçını kəsib, saqqalını təraş etdiyim insanlarla rastlaşıram. Onların hamısına dostum kimi yanaşıram. Hər birinə də telefon nömrəmi verirəm. Bəzən onlardan çılğın, sevgi dolu zənglər gəlir. Bundan böyük xoşbəxtlik yoxdur.- Məşhur müsahibələrinin birində qeyd etmisən ki, ilk dəfə getdiyin şəhər haqda məlumatı evsizlərdən öyrənirsən.- Tamamilə doğrudur. Bir şəhərə ilk dəfə səfər edirəmsə, xəritəni, interneti açıb baxmıram. Evsizlər adətən mərkəzi küçələrdə toplaşırlar. Onların şəhərin hər küncü haqda məlumatı digərlərinə nisbətən daha çox olur. Axı iş adamları, tələbələr gün ərzində qaçhaqaçdadırlar. Onlarsa öz künclərində sakit oturub, ən kiçik xırdalığınadək bütün yeniliklərdən xəbərdar olurlar.
-Maraqlıdır, bugünədək olmadığın ölkələrin hansına getmək istərdin?- Cənubi Amerikada çox az zaman keçirmişəm. Əsasən Ekvadorda olmuşam. İstərdim yenidən gedib, evsiz dostlarımı sevindirim. Hindistana da getməyi planlaşdırıram. Londonun küçələrində tanış olduğum hind evsizlərlə Dehlinin atılmış küçələrindəki insanların güzəranı da bir deyil axı. Onları da mütləq sevindirmək lazımdır.- Videolarda gördüyüm qədərilə həm qadınların, həm də kişilərin saçını kəsirsən.- Əlbəttə. Mən həm xanımlarla, həm kişilərlə çalışıram. Hətta ilk vaxtlar bu işi öz üzərimdə öyrənmişəm.
- Onları tam dəyişdirəndən sonra güzgüdə özlərinə baxanda nə hiss edirsən?- Bu mənim uzatmaq istədiyim andır, mükafatımdır. Onlar bəlkə də iki ildir məhrum olduqları gözəlliklərinə, simalarına qovuşurlar. Bunu video halında sosial şəbəkələrdə paylaşmağımda məqsəd özümü reklam etmək deyil. İnsanların diqqətini onlara yönəltmək istəyirəm.
- Karyeran boyu həyatın sənə verdiyi ən önəmli dərs nə oldu?- Ümumiyyətlə, "karyera" sözünü çox dilə gətirməyi sevmirəm. Həyatdan çox şey öyrənmişəm. Mənim ixtisasım bərbərdir. Yəni əllərim və istedadım vasitəsilə insanların əhvalını yüksəldirəm. Onu anladım ki, bir-birimizə dediklərimizin yox, hiss etdirə biləcəklərimizin önəmi daha çoxdur.
- Dünyaya vermək istədiyin mesaj varmı?- Ətrafınızdakılardan kömək, dəstək istəməkdən utanmayın. Başqalarına da əl uzadın. Bilin ki, nə ötürsəniz sizə geri qayıdacaq.
30 mart 2018
GO BACK