Qadin.NET / Cəlilabadda 11 yaşlı operator var

Cəlilabadda 11 yaşlı operator var

Cəlilabadda 11 yaşlı operator var


Cəlilabadda azyaşlı uşaq yaşına uyğun olmasa da, işinin öhdəsindən layiqincə gəlir. Balaca video-operator kamerasını çiyninə alıb toyları və digər şənlikləri lentə alır. Babasından öyrəndiyi bu sənəti indi təkbaşına yerinə yetirir.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, cəmi 11 yaşı olsa da, peşəkar video-operatorlardan geri qalmır.

Cəlilabad rayon Sabirabad kəndində yaşayan Hüseyn Həsənovun kiçik yaşlarından kameraya olan marağına doğmaları biganə qalmayıblar. Ona oyuncaq kameralar alınsa da, o, əsl kameralarla çəkiliş aparmağa həvəs göstərib.

Elə buna görə də Hüseynin video-operator olan babası Əbülfət Həsənov bu sənətin sirlərini nəvəsinə erkən yaşlarında öyrətməyə qərar verib.

Hüseyn 9 yaşından etibarən toy şənliklərində sərbəst çəkilişlər aparır. Əvvəllər insanlar onun azyaşlı olduğuna görə çəkilişlərinə şübhə ilə yanaşsalar da, sonradan balaca Hüseynin böyük bacarığını gördükdən sonra onu peşəkar operator kimi qəbul ediblər. Hüseyn deyir ki, şənliklərdə yalnız ucaboylu insanları çəkərkən çətinliklə rastlaşır.

Hazırda 5-ci sinifdə oxuyan balaca kameraman gələcəkdə bu sahənin peşəkarı olmaqla bədii və sənədli filmlər çəkmək niyyətindədir.

17 mart 2018
GO BACK