ABŞ-ın ən məşhur və qocaman aktrisalarından biri, Hollivudun canlı əfsanəsi Oliviya De Hevillend "Feud: Bette and Joan" teleserialını məhkəməyə verib.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, "Küləklə sovrulmuşlar" filmində Melani rolu ilə dünyaca məşhurlaşmış 101 yaşlı aktrisanın fikrincə, Hollivud ulduzları Coan Krouford və Bett Devisin münasibətlərinə həsr olunan, hazırda BBC2 telekanalında nümayiş olunan serialda o, dedi-qodu "manyakı", aravuran qadın kimi qələmə verilib.
Reallıqda Bett Devislə Oliviya De Hevillend yaxın rəfiqə olublar.
Teleserialda Oliviya de Hevillend obrazını populyar aktrisa Ketrin Zeta-Cons canlandırıb.
"Serialda Ketrinin oynadığı rolda tamamən yanlış təsvir olunmuşam. Obrazın dediklərinin hamısı yalandır. Serialda mənim kiçik bacım, aktrisa Coan Fonteynlə münasibətlərim də tamamilə yalan təsvir olunub. Bu isə mənim, əsl ledinin nüfuzuna zərbədir", - qocaman aktrisa deyib.