Şagirdlərin 1-ci sinfə qəbulunun elektron qaydada həyata keçirilməsi bütün ölkə üzrə tədricən tətbiq olunacaq.
Qadin.Net trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
E.Əmrullayev bildirib ki, yeni dərs ilində Bakıdan başqa, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda da şagirdlərin 1-ci sinfə qəbulu elektron formada aparılacaq.
Şöbə müdirinin sözlərinə görə, 1-ci sinfə qəbulun elektron formada aparılması bir sıra neqativ halların qarşısını əsaslı şəkildə alacaq. Bu, eləcə də valideynlərin işini xeyli asanlaşdıracaq:
"Valideynlər məktəbə getmədən uşaqlarının birinci sinfə qəbulunu elektron qaydada həyata keçirə biləcəklər. Eyni zamanda, elektron qaydada müəllim seçimlərini də edə biləcəklər".
E.Əmrullayev qeyd edib ki, proses uğurlu olarsa, bütün ölkədə şagirdlərin 1-ci sinfə qəbulunu elektron qaydada həyata keçirmək niyyətindirlər: "Biz bunu bu il bir neçə şəhərdə pilot layihə formasında həyata keçirəcəyik. Əgər uğurlu olsa, elektron sistemi ölkə üzrə həyata keçirmək niyyətindəyik. Bütün uşaqlar bu sistem vasitəsilə məktəbə qəbul olunduğu halda Təhsil Nazirliyində vahid məlumat bazası da yaradılacaq. Bu da imkan verəcək ki, idarəetmə ilə bağlı düzgün və çevik qərarlar verilsin".