Amerikalı aktyor Cim Kerri Rusiyanın ABŞ-da keçirilən 2016-cı il prezident seçkilərinə müdaxilə səbəbindən "Feysbuk" hesabını silib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, aktyor bu barədə "Tvitter" hesabından açıqlama verib.
Aktyor bildirib ki, “Feysbuk” şirkəti Rusiyanın Amerikanın seçkilərinə qarışmasından qazanc əldə edib və bu günədək bu prosesi dayandırmaq üçün yetəri qədər addım ata bilməyib.
C.Kerri ABŞ-ın gələcəyi ilə maraqlanan bütün sərmayəçiləri "Feysbuk"dan imtina etməyə dəvət edib. Mesajının sonunda isə “#unfriendfacebook” haştağını açıb.
Qeyd edək ki, 2017-ci ilin sentyabr ayında "Feysbuk"un Ali Təhlükəsizlik nümayəndəsi Aleks Stamos ABŞ-ın prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyini açıqlamış və bu çərçivədə apardıqları araşdırmanın nəticələrini paylaşmışdı. Araşdırmada Rusiyadan idarə edilən 470 saxta hesab və səhifə ilə əlaqəsi olan sosial media istifadəçilərinin 100 000-150 000 dollar dəyərində reklam xərci etdiyi ortaya çıxıb.