"Kişilərə giriş qadağandır!" Bu ilin yayında Finlandiya sahillərində "SuperShe İsland" adlı kurort məhz belə şüarla fəaliyyətə başlayacaq. Finlandiyanın paytaxtı Helsinki yaxınlığında, Baltik dənizindəki arxipelaqdakı kiçik, sahəsi 8,4 hektar olan adada yaradılan kurort sadəcə, qadınların istirahəti üçün nəzərdə tutulub.
Adanın sahibəsi və kurort layihəsinin müəllifi olan amerikalı Kristina Rotun dediyinə görə, heç də kişilərə nifrət etmir: "Sadəcə, ilin istənilən fəslində yalnız qadınların işləməsi və istirahəti üçün nəzərdə tutulmuş feminist kurort yaratmaq istədim".
"SuperShe" kurortunda dincələcək və ya işləyəcək qadınlar zahiri görkəmlərinə fikir verməyə bilərlər.
"Bu ideya Kaliforniyadakı aşramda dincələndə ağlıma gəldi. Qadın istənilən kurortda dincələndə kişinin yanında olur və bu səbəbdən özünə qulluq etməlidir. Bu isə normal istirahətə mane olur. İdeyam da odur ki, qadın dincələndə əsas diqqəti hormonlarına yox, özünə yönəltsin", - Kristina Rot deyib.