Amerikalı Kara Simmons üç övladını təkbaşına böyüdən sadə, zəhmətkeş anadır, ABŞ-ın Klivlend şəhərində yaşayır. O, klininq şirkətində xadimə işləyir. Günlərin birində o, varlı müştərinin evinə çağırılıb.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, aktrisa Medlin Blyunun oynadığı "varlı müştərinin katibəsi"nin dediyinə görə, evdə axşam ziyafət olacaqdı və bu səbəbdən də hər tərəf ideal təmizlənməliydi.
"Prank It Forward" şousunun rəhbəri Qreq Bensonun dediyinə görə, Karaya yaxşılıq etmək istəyiblər.
Karanın bacısı Qlo Nikolsnun dediyinə görə, o, həddən ziyadə çalışır və ən başlıcası, əla insandır.
Karanın övladları da analarını tərifləyiblər.
Karanın çalışdığı şirkətin sahibəsi Meri Co isə deyib: "Kara indiyədək bir gün də istirahət etməyib. O, ailəsini dolandırmaq üçün həmişə işləyir. Kara xəstəxanada da müalicə olunur və bu səbəbdən onun xərcləri az deyil".
Kara "təmizləməli olduğu" evdə məşhur aşpaz Menni Slomovitsin bişirdiyi təamları dadır, sonra onu masaj edirlər.
Medlin daha sonra söyləyir: "Qalxaq yuxarı mərtəbəyə. Orada bahalı paltarlarım var, bəzilərindən bezmişəm. Həmin paltarlardan istədiyini götürə bilərsən".
Paltarlar Kara üçün alındığından təbii ki, geyimlərin hamısı onun ölçüsündə idi.
Qlo və Qreq çəkilişlərdən əvvəl dükanlara yollanaraq Karaya onun zövqünə uyğun paltarlar almışdılar.
Bir qədər keçir, köç zamanı əşyaları daşıyan şirkətin əməkdaşları evə qutuları gətirirlər.
Medlinlə Kara yükdaşıyan fəhlənin, yəni Qreqin gətirdiyi qutulardan birini açanda oradan Karanın fotoşəkli və sviteri çıxır.
Heyrətlənmiş Karanın "Bu əşyaları haradan götürmüsünüz?" sualına Qreq cavab verir: "Əşyalar bu evin sahibəsinə, Kara Simmonsa məxsusdur".
Kara əşyaların gətirildiyi maşına baxmaq üçün həyətə çıxanda avtomobilin arxa qapısı açılır və yük maşınından Karanın övladları düşürlər.
Sonda isə Karaya deyilir ki, bu ev onundur.
Şou ev satın alıb və Karaya bağışlayıb.