Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 15 dekabr 2017-ci il tarixində 8 dövlət orqanında 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilmişdir. Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (İqtisadiyyat Nazirliyi (6 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyi (3 vakant vəzifə), Gənclər və İdman Nazirliyi (1 vakant vəzifə), Energetika Nazirliyi (2 vakant vəzifə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (17 vakant vəzifə), Səhiyyə Nazirliyi (1 vakant vəzifə), Təhsil Nazirliyi (2 vakant vəzifə) və Dövlət Statistika Komitəsi (1 vakant vəzifə) mərkəzi aparatında, tabeliyində olan qurumlarında və yerli bölmələrindədir.
DİM-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Qeyd edilən vakant vəzifələr üzrə 62 namizəd qeydiyyatdan keçmişdir. Bu gündən artıq Ekologiya Nazirliyində mövcud olan vakant vəzifələr üzrə ümumi müsahibələr başlıyıb. Ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki və nəticələri haqqında məlumata buradan baxa bilərsiniz.