Tərkibində yüksək xolesterin olan heyvan mənşəli məhsullar aqressiv bədxassəli şiş risklərini əhəmiyyətli dərəcədə artıra, onların inkişaf sürətini 100 dəfə qaldıra bilər. ABŞ-ın Kaliforniya Universitetinin alimləri belə bir nəticəyə gəlib.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, bu haqda məqalə "Cell Stem Cell" jurnalında dərc olunub.
Tədqiqatda Lpcat3 fermentini kodlaşdıran genləri modifikasiya olunmuş siçanlardan istifadə olunub. Bu zülal hüceyrə membranını təşkil edən fosfolipid sintezinə nəzarət edir və onun kəsilməsi xolesterin səviyyəsini artırır. Məlum olub ki, xolesterin konsentrasiyasının artımı bağırsaq toxumalarında kök hüceyrələrinin artımı və parçalanmasına xidmət edir.
Xaotik şəkildə çoxalmağa başlayan qüsurlu kök hüceyrələri, xərçəngin inkişafına yol açan əsas faktordur. Araşdırmaya görə, xolesterin təkcə yoğun bağırsaq hüceyrələrinin qalınlaşmasına səbəb olmur, eyni zamanda, həmin toxumalarda şişlərin sürətli şəkildə inkişafına yol açır. Xolesterinin digər xərçəng formalarının inkişafına təsir edib etmədiyi hələlik məlum deyil.
Yağlar və karbohidratlarla zəngin məhsullar orqanizmdə xolesterinin miqdarını artıra bilər. Müxtəlif xəstəliklərin profilaktikası üçün qidada qırmızı ət və süd məhsullarından istifadənin azaldılması tövsiyə olunur.