“Ququl” şirkətinə məxsus bir sıra proqram təminatları, eləcə də “Quql Hom” vay-fay (Wi-Fi) bağlantısının sürətini azaldır.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə “TP-Link” şirkəti məlumat yayıb. Ən çox istifadə edilən modemlərin istehsalçısı olan şirkət, “Archer C1200” marşrutlayıcı istifadəçilərinin şəbəkəyə qoşulma zamanı yaranan problemlərlə bağlı şikayətlərindən sonra bu qənaətə gəlib.
Mühəndislərin fikrinə görə, problem “Android” əməliyyat sisteminin ən son yenilənmələrinə və “Ququl” proqram təminatına əlavə edilən xüsusi “Cast” funksiyası ilə bağlıdır. Belə ki, funksiya “MDNS” paketlərinin müəyyən vaxt intervalı ilə göndərilməsi vasitəsilə “Ququl” şirkətinin “Ququl Hom” kimi məhsulları ilə fasiləsiz əlaqə yaratmağa imkan yaradır.
Belə göndərişlər isə adətən 20 saniyədə bir dəfə baş verir. Lakin bəzən qurğular qısa zaman çərçivəsində yüksək sürətlə çoxsaylı paketlər göndərməyə başlayır ki, bu zaman da mövcud problem yaşanır.
Şirkət nümayəndələri onu da qeyd edir ki, problem təkcə “TP-Link” marşrutlayıcılarına aid deyil. “ASUS”, “Linksys”, “Netgear”, “TP-Link” və “Synology” istifadəçiləri də bağlantıda “Cast” funksiyası ilə əlaqədar nasazlıqların yaşandığını bildirir.
Nasazlıqların aradan qaldırılması üçün istifadəçilər marşrutlayıcını yenidən yükləyə və ya “Android” sistemli qurğuda “Cast” funksiyasını söndürə bilərlər. “Archer C1200” marşrutlayıcı istifadəçiləri də proqram təminatının problemi aradan qaldıran yenilənməsini yükləyə bilərlər.