Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Türkiyənin Mardin vilayətində "quş qripi"nin aşkarlanması ilə bağlı yayılan məlumatlarla əlaqədar Azərbaycana həmin ölkədən quş əti idxalına qadağa qoyulub-qoyulmayacağına aydınlıq gətirib.
Qadin.Net xəbər verir ki, Xidmətin mətbuat katibi Yolçu Xanvəli Trend-ə bildirib ki, Türkiyə mətbuatında xəstəliklə bağlı xəbərlər yayılsa da, Ümumdünya Heyvan Sağlamlıq Təşkilatı və Türkiyə rəsmi orqanları tərəfindən Azərbaycana məlumat verilməyib.
Y.Xanvəli buna baxmayaraq, həmin məlumatın diqqətdə saxlanıldığını da söyləyib.
Xidmətin mətbuat katibi Azərbaycanın Mardin vilayətindən diri quş, quş əti və quşçuluq məhsulları almadığını da söyləyib.
Y.Xanvəli əlavə edib ki, hazırda Azərbaycan quşçuluq məhsullarını epizootik vəziyyətin sabit olduğu ərazilərdən - Türkiyənin İstanbul zonasından, Rusiyadan, Gürcüstandan və Ukraynadan idxal edir.
Xidmət rəsmisi ötən ilin mart-aprel aylarında Moskva və Moskvaətrafı vilayətdə "quş qripi"nin aşkarlanması ilə əlaqədar Azərbaycanın həmin vaxtdan bu ərazidən quş əti və quş əti məhsullarının idxalına müvəqqəti qadağa qoyduğunu da xatırladıb.
Y.Xanvəli Azərbaycanda epizootik vəziyyətin normal olduğunu deyib.
Qeyd edək ki, Türkiyə mətbuatında yayılan məlumata görə, ölkənin şərqindəki Mardin vilayətinin Boğaziyyə kəndində "quş qripi" aşkarlanıb. Kənddə xəstə quşların məhv edilməsi üçün profilaktik tədbirlər həyata keçirilib.