Qadin.NET / Siqaretə görə hələlik heç kim cəzalana bilməz

Siqaretə görə hələlik heç kim cəzalana bilməz

Siqaretə görə hələlik heç kim cəzalana bilməz


Xəbər verildiyi kimi, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun qəbul edilib.

Qanunu pozanlar 30 manatdan 1000 manata qədər cərimələnəcək. 

Qadin.Net Milli.Az -ya istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 212.1. maddəsinə əsasən, qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə tətbiq ediləcək. Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimələnəcək. 

Bəzi məlumatlara görə, qanun artıq qüvvəyə minib. Maraqlıdır, sözügedən qadağaya kim nəzarət edəcək və cərimələri kim edəcək?

Milli Məclisin üzvü Musa Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, qanunla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər olmalıdır:

"Bu məsələyə isə çox güman ki, Milli Məclisin yaz sessiyasında baxılacaq. Hazırda Milli Məclis məzuniyyətdədir. Orada həm mexanizm, həm də cərimələrin məbləği müəyyənləşəcək. Hələlik o məsələ açıq qalıb. Köhnə qanuna görə qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdu. Yeni qadağalara görə cərimə hələ təsdiq olunmayıb". 

Bəzi məlumatlara görə qapalı məkan işlədən obyekt sahiblərinə bununla bağlı xəbərdarlıqlar artıq edilir. Qeyd olunub ki, qapalı məkan sahibləri siqaret çəkilməsinə ciddi nəzarət etməlidir, əks halda onlar cərimələnəcək. Hətta, paytaxtla yanaşı bəzi bölgələrdə restoran və çayxanalarda siqaret çəkilməsinə icazə verilmir. O zaman sual ortaya çıxır ki, əgər mexanizm hazırlanmayıbsa, cərimələnmə necə həyata keçirilə bilər? 

Millət vəkili Fazil Mustafa bu məsələyə Cebhe.info vasitəsilə aydınlıq gətirib. O deyib ki, İnzibati Xətalar Məcəlləsində cərimələrin məbləği və sanksiyalar müəyyən olunmalıdır:

"Hələlik bu müəyyən olunmayıbsa, demək istifadə edə bilərlər. Cərimələri tətbiq etmək üçün müvafiq icra orqanı müəyyən olunmalıdır. Bunlar hamısı yoxdursa, vətəndaşdan bunu tələb etmək olmaz. Heç kimi cərimələyə bilməzlər. Çünki müvafiq icra orqanı müəyyənləşməyib. Bu orqan prezidentin sərəncamı ilə müəyyən olunmalıdır. Bundan əlavə hər situasiyaya görə eyni cərimə olmur. Ayrı-ayrı hallara görə cərimələr müəyyənləşəcək. Yerlər müəyyən olunmayıb. Sabah deyə bilərlər ki, yer olmadığına görə çəkib. Bunlar hamısı müvafiq qurum tərəfindən yoxlanmalıdır. O zaman vətəndaşa bildirmək olar ki, sən qaydanı pozmusan. Amma yer müəyyən etməmisənsə, bu mümkün deyil. Bu, bir qədər də vaxt aparan məsələdir. Mütləq siqaret çəkilməli olduğu yerlər müəyyən olunmalıdır. Orada çəkməmisənsə, onda cərimələnmə faktı, yəni hüquq pozuntusu ortaya çıxır". 

Köhnə qanuna əsasən, tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən bu yerlərdə istifadə qadağandır: 

- təhsil və tərbiyə müəssisələri, onların əraziləri; - səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq); 
- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla); 
- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar; 
- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla) 
- ticarət obyektləri; - məişət obyektləri; 
- sosial xidmət müəssisələri; 
- yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir); 
- teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri; 
- uşaq meydançaları; 
- yerüstü qapalı və yeraltı piyada keçidləri; 
- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər; 
- metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları; 
- hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla). Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla); 
- tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri; 
- liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər; 
- taksofonlar; - yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr. 

Qeyd edək ki, tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən istifadəyə eyni zamanda xüsusi ayrılmış yerlər istisna olmaqla, motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək. 

 

6 yanvar 2018
GO BACK