Meksikada arxeoloji qazma işləri aparan arxeoloqlar 1000 ildən artıq yaşı olan daş ibadətxananı aşkarlayıblar. Mütəxəssislərin dediklərinə görə, obyekt Kainatın qədim modeli ola bilər.
Milli.Az El Mundo-ya istinadən bildirir ki, ibadətxananın konfiqurasiyası və oradakı daşlar Kainatdakı yüz minlərlə qalaktikanın koordinatlarına uyğun gəlir.
Meksikanın Milli Antropologiya və Tarix İnstitutundan verilən məlumata görə, obyektə "Tetzacualco" adı verilib.
Kainatın miniatür modeli İztaksihuatl vulkanını kraterində, dəniz səviyyəsindən 3900 metr yüksəklikdədir.
"Nahulak" adlı nohurdakı daşlar elə düzülüb ki, suyun ortasındakı daş batmır, üzür. Bu isə mezoamerikan əsatirlərinə və inanclarına uyğundur. Həmin inanclara görə, "Sipaktli" adlı "Yer məxluqu" sularda üzür, onun vücudu isə səmanı və yeri təşkil edir.
Sipaktli Kainatın mərkəzi sayılırdı.
Mütəxəssislərin dediklərinə görə, çağdaş astronomiya Kainatın mərkəzində nə olduğunu söyləməyə imkan vermir. Lakin "Tetzacualco"ya inansaq, Kainatın mərkəzində naməlum mənşəli böyük obyekt var.
Nohurun yaxınlığında mezoamerikan dönəmində Yağış Tanrısı sayılmış Tlalokla bağlı əşyalar və dekorativ obyektlər aşkarlanıb.