Əsrlər boyu kitablar insanların fərd olaraq, şəxsiyyət kimi formalaşmasına, zehni inkişaf və işgüzar qabiliyyətlərinin artmasına xidmət edən ən önəmli faktorlardan biridir. Nəşrlər arasında ixtisaslaşmış sahələr üzrə çap olunan elmi, fəlsəfi, texnologiya sahəsini əhatə edən xüsusi kitablar da az deyil. Hər il olduğu kimi bu il də nəşrlər arasında xüsusilə fərqlənən bir sıra kitabların siyahısı tərtib olunub. Siyahı texnologiya sahəsi üzrə ixtisaslaşmış kitablara şamil edilir.
Qadin.Net publika.az-a istinadən oxucularına 2017-ci ilin texnologiya sahəsinə aid ən çox oxunan 9 kitabın siyahısını təqdim edir:
1. Samanta Uolravens və Xizek Kebot - "Geek Girl Rising”
Kitabda müəlliflər texnologiya tarixini dəyişən qadınlardan, onların digər insanların düşüncələrini dəyişdirəcək təşəbbüslərindən bəhs edir. Kitabda xüsusilə, oyuncaq istehsalı ilə məşğul olan nəhəng “GoldieBlox”şirkətinin baş direktoru Debbi Sterlinq və “Gotham Gal Venture” investisiya fondunun sahibi Djoan Uilson haqqında geniş söhbət açılır.
2. Ceff Qudell - "The Water Will Come”
Ceff Qudell “The Rolling Stone” nəşrinin müəllifidir. Müəllif əsasən, iqlim dəyişiklikləri mövzusunda yazır. Kitabda cari ildə ümumiyyətlə, ilbəil suyun səviyyəsinin artmasından və bəşəriyyətin bu mövzunun nə dərəcədə ciddi təhlükə törədə biləcəyini hələ də dərk etməməsindən danışılır. Kitabda qeyd edilir ki, suyun səviyyəsinin yavaş-yavaş artması Yer kürəsində mövcud olan sahilboyu şəhərləri, bütün canlı təbiəti məhv edəcək. Bunun qarşısını heç bir texnologiya ala bilməyəcək.
3. Satya Nadella, Qreq Şou və Djill Treysi Nikols - "Hit Refresh".
Kitab birbaşa “Microsoft” şirkətinin baş direktoru Satya Nadella haqqındadır. Onun şirkətə yeni nəfəs verməsindən, korporasiyanın mədəniyyətinin, strukturunun tamamilə dəyişdirilməsindən və sürətli inkişafına səbəb olan layihələrindən bəhs edilir.
4. Skott Qellouey - "The Four: The Hidden DNA of Amazon, Apple, Facebook, and Google”
Kitabda texnologiyanın 4 nəhəngi - “Amazon”, “Apple”, “Facebook” və “Google” şirkətlərinin yaranma tarixlərindən, cəmiyyətdə təbliğindən və maraqlı layihələrindən bəhs edilir.
5. Con Brokman - "This Idea is Brilliant”
Brokman, edilməyən, lakin çox uğurlu layihə olacağını düşündüyü bir neçə elmi konsepsiya və tədqiqat işlərini götürərək kitabda onların nə dərəcədə əhəmiyyətli ola biləcəklərini geniş şəkildə izah edib.
6. Cennifer Dudna və Semyuel Sternberq - "A Crack in Creation"
Kaliforniya universitetinin bioloqu Cennifer Dudna özünün keçmiş aspirantı Semuel Stenberq ilə birlikdə “CRISPR” texnologiyasının köməyi ilə genlərdə redaktə prosesinin aparılmasından və bunun cəmiyyət, insan həyatının dəyişdirəcək mövqeyindən bəhs edilir.
7. Qideon Rəhman - "Easternization"
Kitab birbaşa Çinin siyasi və iqtisadi situasiyaları haqqındadır. “MIT Technology Review” nəşrinin redaktoru olan müəllif qeyd edir ki, ölkənin inkişafında maliyyə və iqtisadiyyatın önəmli rolu var. Lakin hansı aspektdən baxırsansa, Çinin iqtisadiyyatını ayaqda tutan birinci sektor məhz texnologiyadır.
8. Nil Deqrass Tayson - "Astrophysics for People in a Hurry"
Kitab astrofizika elmindən bəhs edir. Bu sahəyə yeni gələn kadrlar üçün nəzərdə tutulub. Kitabın bir neçə dilə tərcümə edilmiş onlayn versiyaları var.
9. Ceyson Feqon - "The Woman Who Smashed Codes"
Kitab Amerika tarixində ilk qadın-kriptoqraf Elizabet Smit Fridmandan bəhs edir. Müəllif bu kitabda, yalnız onun peşəkar nailiyyətləri və ixtiralar haqqında deyil,eyni zamanda şəxsi həyatı - həyat yoldaşı ilə münasibətləri haqqında da qeydlər yazıb. Təsadüfi deyil ki, onun həyat yoldaşı Uilyam Fridman özü də kriptoqrafiya ilə məşğul olub. 1930-cu illərdə o, Amerika kəşfiyyatının xidmətinə özünün başçılıq etdiyi radiotexnika ilə töhvə verdi.