Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkənin təsərrüfat - içməli su təchizatı sistemlərinə nəzarət məqsədilə apardığı laborator müayinələrin nəticələrini açıqlayıb.
Qadin.Net trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin RGEM-in baş direktorunun təşkilat məsələləri üzrə müavini Ağaxanım Əliyeva bu gün keçirilən mətbuat konfransında deyib ki, ölkənin təsərrüfat - içməli su təchizatı sistemlərinə nəzarət məqsədilə RGEM-in laboratoriyalarında bu ilin 11 ayı ərzində 56 şəhər və rayondan müayinə edilən 484 su nümunəsi fiziki-kimyəvi göstəcilərinə görə, normaya uyğun olub.
Su nümunələrində bakterioloji göstəricilərinə görə, standartların tələblərindən kənara çıxma halı 3,7% olub. Bakı şəhəri əhalisini içməli su ilə təchiz edən Kür, Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Şollar və Xaçmaz su təchizatı kəmərlərindən götürülən 75 su nümunəsində bakterioloji göstəricilər üzrə 2,6 %, sanitariya-kimyəvi göstəriciləri üzrə 5,3 % normalara uyğun olmayan nümunələr təkrar götürülən müayinələrdən sonra normalara uyğun olub. Mərkəzi su anbarları və nasos stansiyalarından götürülən 1264 su nümunəsinin 1,6 %-i bakterioloji, 1,1 %-i sanitariya-kimyəvi göstəricilərinə görə, dövlət standartlarının tələblərinə cavab verməyib. Qeyri-kafi nəticələrlə əlaqədar "Azərsu" ASC-nin mütəxəssisləri yerində araşdırma apararaq dövlət standartlarına uyğun olmayan nəticələr üzrə operativ tədbirlər görülüb. Təkrar müayinələrin nəticələri norma səviyyəsində olub.