Qadin.NET / Azərbaycan meyvələri Hindistana ixrac olunacaq

Azərbaycan meyvələri Hindistana ixrac olunacaq

Azərbaycan meyvələri Hindistana ixrac olunacaq


Azərbaycan meyvələrinin Hindistana ixracına dair razılıq əldə edilib.

Qadin.Net xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliyinin Dubay və Səudiyyə Ərəbistanın Ciddə şəhərinə təşkil edilmiş ixrac missiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirilib.

Qeyd olunub ki, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 3-7 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə və 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərinə ixrac missiyaları təşkil edilib. Dubay şəhərinə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, ət və ət məhsulları, bal, çay, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak ediblər.

Missiya çərçivəsində meyvə-tərəvəz istehsalı və ixracı sahəsində fəaliyyət göstərən şirkətlərimiz Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan "WOP Dubai"də də iştirak ediblər. Sərgi çərçivəsində "Azərbaycanın meyvə-tərəvəz məhsularının ixrac potensialı" mövzusunda seminar keçirilib. Seminarda xarici sahibkarlara rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız, "Made in Azerbaijan" brendinin təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat verilib, ixrac missiyasında iştirak edən şirkətlərin fəaliyyətləri barədə təqdimatlar keçirilib. Sərgidə Azərbaycan məhsulları nümayiş olunub. Meyvə-tərəvəz məhsullarımız tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan meyvələrinin Hindistana ixracına dair razılıq əldə edilib.

İxrac missiyası çərçivəsində keçirilən görüşlərdə də bir sıra uğurlu nəticələr əldə edilib. Görüşlər zamanı Azərbaycanın "Brightman BMC" şirkəti konservləşdirilmiş məhsulların BƏƏ ölkələrinə və Banqladeşə ixracına dair "Al-maya" və "Lulu" marketlər şəbəkələri və "Al-Ghamdi" trading şirkəti ilə ilkin razılıq əldə edib. "Sunfood" şirkəti nar şirəsinin və çayın, "Səba" ət məhsullarının, "Kerkom" və "Azəri-bal" şirkətləri isə balın BƏƏ-yə ixracına dair "Al-maya", "Lulu", "Al-Qudva" marketlər şəbəkələri ilə danışıqlara başlayıblar. "Az-Granata" şirkəti nar şirəsinin Dubaya ixracına dair ilkin razılığa gəlib. Bundan başqa, Azərbaycanın "Azprotein" şirkəti BƏƏ-nin "Al-Tayeb" pərakəndə və topdansatış distributor şirkəti və "Choitrams" marketlər şəbəkəsi ilə ət məhsullarının BƏƏ və digər Körfəz ölkələrinə ixracına dair razılıq əldə edib.

Bildirilib ki, 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərinə təşkil olunmuş ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə şirələri, quru meyvə, konserləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər. İxrac missiyası çərçivəsində sahibkarlar AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəsinin birgə təşkilatçılığı ilə keçirilən ikitərəfli görüşlərdə iştirak ediblər. Görüşlərdə yerli məhsullarımız barədə məlumat verilib, məhsullarımızın market və bazarlarda satışı imkanları və distributorluq məsələləri müzakirə olunub.

Görüşlərdə Azərbaycan məhsullarına, xüsusi ilə bal, ət və süd məhsullarına böyük maraq göstərilib. İkitərfəli görüşlər zamanı Azərbaycanın "Kerkom" şirkəti Azərbaycan balının, "Aqro-MTS" şirkəti isə ət məhsullarının Səudiyyə Ərəbistanına ixracı ilə bağlı bir neçə distributor şirkətləri ilə danışıqlara başlayıblar. "Milk-Pro" şirkəti isə "Sunbulah Group" distributor şirkəti ilə süd məhsullarının ixracına dair danışıqlar aparır.

İxrac missiyaları çərçivəsində missiya iştirakçıları həmçinin, bazar və iri marketlər şəbəkələrində olublar. Mətbuat konfransında həmçinin, "Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı 2018-ci ildə nəzərdə tutulan tədbirlər barədə də məlumat verilib.

18 dekabr 2017
GO BACK