Qadin.NET / Tələbələr 15 il bu hüquqlarından istifadə edə biləcəklər

Tələbələr 15 il bu hüquqlarından istifadə edə biləcəklər

Tələbələr 15 il bu hüquqlarından istifadə edə biləcəklər


Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.

Qadin.Net Trend-ə istinadən xəbər verir ki, bu hallar Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair qaydalar"da öz əksini tapıb.

Qaydalara əsasən, xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan şəxslər ixtisasına uyğun olaraq Azərbaycanın müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisəsinin tələbələr sırasından xaric edilmiş şəxs ixtisasına uyğun olaraq Azərbaycanın müvafiq mülki ali təhsil müəssisəsinə bərpa oluna bilər.

Qaydaya görə, tələbə müddətli həqiqi hərbi xidmətə çağırıldıqda (xidmət müddətinə), ailə vəziyyətinə görə (2 il müddətinədək), səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə), sosial məzuniyyətə çıxdıqda (qanunvericiliklə müəyyən olunmuş müddətə), müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə (proqramda göstərilən müddətə), akademik məzuniyyət verilir.

Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə bu qaydaların müvafiq tələbləri gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxılır.

13 dekabr 2017
GO BACK