"Hal-hazırda Xaçmazın 2 kəndində "Aztelekom" MMC tərəfindən yeni 4G texnologiyası tətbiq edilir".
Qadin.Net xəbər verir ki, bu barədə APA-ya "Aztelekom" MMC-nin Marketinq şöbəsinin müdiri Emin Quliyev məlumat verib.
Onun sözlərinə görə, Hülövlü və Qaraçı kəndinin sakinləri artıq 4G xidmətindən rahatlıqla istifadə edirlər.
Gələn il üçün "Aztelekom"un nəzərdə tutduğu layihələrdən danışan şöbə müdiri qeyd edib ki, Xaçmazda həyata keçirilən genişzolaqlı şəbəkənin tətbiqinin genişləndirilməsi ilə bağlı pilot layihə digər bölgələrdə də davam etdiriləcək.
"2018-ci ildə bir neçə yeni layihələrimiz olacaq. Bunlardan biri regionlara verilən internet həcminin artırılması ilə bağlıdır. Belə ki, gələn ildən "Aztelekom" abunəçilərinin aldığı internetin sürəti yüksəldiləcək. Digər layihəmiz İMS (IP Multimedia Subsystem) layihəsidir. İMS (telefoniya) səs xidmətlərinin keyfiyyətini artırmaq, həm də telefoniya üzərindən əlavə xidmətlərin, videogörüntülərin göstərilməsidir. Bu, gələn il üçün nəzərdə tutulub. Bundan başqa, GPON (Gigabit Passive Optical Network) texnologiyasının tətbiqi də planlaşdırılır. Bizim çəkdiyimiz kabellər optik kabel olacaq. Bu isə göstərəcəyimiz xidmətin yüksək keyfiyyətli olması üçündür. Bununla da bir xətt üzərindən ən az 3 xidmətin göstərilməsi nəzərdə tutulur. Həmçinin bölgələrdə mütəmadi olaraq kabelləşmə işləri aparılır. Gələn il üçün də plan ilə 14-15 rayonda bu işlərin davam etdirilməsi nəzərdə tutulub. Kabelləşmə işləri əsasən iri rayonlarda və abunəçilərin daha çox olduğu bölgələrdə aparılır. Düzdür, elə kəndlərimiz var ki, orada bu işləri görmək elə də asan deyil. Bu cür kəndlərdə kabel çəkilişini ilin yalnız müəyyən aylarında edə bilirik", - deyə E.Quliyev qeyd edib.
Bölgələrdə göstərilən İP TV xidməti haqqında da məlumat verən qurum rəsmisi bildirib ki, hal-hazırda bu xidmətlə bağlı yenilənmə işləri aparılır: "Biz yeni platformaya keçirik və hazırda texniki testləşdirmə işləri aparılır. Hələlik işlər müsbət nəticə verir. Yükun nəticə yaxşı olsa, gələn ildən İP TV-nin tətbiqinə də başlayacağıq. Biz "təki mənim müştərim ol" strategiyasını aparmırıq, abunəçiyə keyfiyyətli xidməti göstərə bilmiriksə, yayımını da etmirik. Məhz buna görədir ki, İP TV xidmətinin satışını həyata keçirmirik. Abunəçilərimizin narazı qalmasını istəmirik".