Öskürək, yüksək hərarət... sadaladıqlarım qripin əlamətlərinə bənzəsə də, əslində bunlar başqa bir xəstəlikdən xəbər verir. Ölkədə qripəbənzər viruslar peyda olub. Bu xəstəliklər hansı fəsadlara yol aça bilər və bundan qorunmaq üçün nələrə diqqət etməliyik?
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, ölkəmizdə oktyabrın 1-dən, yəni qrip müayinələri mövsümünün başladığı gündən indiyə qədər Taun Əleyhinə Stansiyasının laboratoriyasına ölkənin müxtəlif şəhər və rayonlarından 63 şübhəli yaxma nümunəsi daxil olub. Bunu stansiyanın direktor müavini Rita İsmayılova "XəzərXəbər"ə açıqlamasında deyib.
Onun sözlərinə görə, nümunələrin müayinəsi nəticəsində xüsusi təhlükəli kəskin respirator xəstəliklərinin törədiciləri aşkar edilməyib. Sadəcə qripəbənzər respirator xəstəliklərin növü olan 2 paraqrip və 1 adenovirus aşkar olunub.
Rita İsmayılova qeyd edib ki, 51 yaxma nümunəsi 17 yaşına qədər insanlardan götürülüb. Bu viruslara yoluxmamaq üçün isə bir necə nüansa fikir vermək kifayət edir.
Direktor müavini həmçinin qeyd edib ki, bu viruslar daha çox bu mövsümlərdə peyda olur və vaxtında müalicə olunmadıqda fəsadlar verə bilir.