Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin nəzdində fəaliyyət göstərən "Sədaqət İsmayılova Fondu" bu ölkədə yaşayıb-yaradan gənc azərbaycanlı xanımları mükafatlandırıb.
Qadin.Net Azərtac-a istinadən bildirir ki, mükafatlar sahiblərinə dekabrın 2-də, S.İsmayılovanın doğum günündə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində təqdim olunub.
Mərasimdə çıxış edən muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva təcrübəli jurnalist, gözəl xanım və qayğıkeş ana olan Sədaqət İsmayılova haqqında məlumat verib.
Sonra fondun idarə heyətinin üzvü, tanınmış jurnalistin qardaşı Ədalət İsmayılov bildirib ki, "Sədaqət İsmayılova Fondu" ziyalıların təşəbbüsü ilə Tbilisidə yaradılıb. Fondun məqsədi azərbaycanlıların inteqrasiyasında, mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın təbliğində fərqlənən xanımları seçib mükafatlandırmaq, bu yolla gənclərin elmə, mədəniyyətə, jurnalistikaya marağını artırmaqdır.
Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, fondun idarə heyətinin üzvü, Azərbaycanın Əməkdar Jurnalisti Nizami Məmmədzadə isə bildirib ki, fond bir neçə nominasiya, o cümlədən "Ən uğurlu gənc xanım" nominasiyası üzrə mükafat təsis edib. Aparılan araşdırmalar zamanı bir gənc xanım Tbilisi şəhərindən, ikisi isə Kvemo Kartli bölgəsindən seçilərək mükafata layiq görülüblər.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev çıxışında fondun fəaliyyətini, apardığı araşdırmaları yüksək qiymətləndirib, səfirliyin bu fonda, eləcə də soydaşlarımızın maarifləndirilməsi, inteqrasiyası, ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafı ilə məşğul olan bütün təşkilatları dəstəklədiyini vurğulayıb.
Kvemo Kartli bölgəsi qubernatorunun müavini Zaur Darğallı Gürcüstanda soydaşlarımızın inteqrasiyası ilə məşğul olan azərbaycanlı qadınların fəaliyyətini yüksək qiymətləndirib. Gürcüstan hökumətinin və qubernatorluğun da bu təşkilatları dəstəkləyəcəyini bildirib.
Digər çıxış edənlər fondun yaradılması ilə mərhum Sədaqət İsmayılovanın xatirəsinin əbədiləşdirildiyini vurğulayıblar.
Qeyd olunub ki, fondun idarə heyətinin qərarı ilə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin elmi işçisi Leyla Əliyeva "Gürcüstan-Azərbaycan mədəni irsinin öyrədilməsi və təbliğinə görə", Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva "Azərbaycan Mədəniyyətini Gürcüstanda təbliğinə görə", Kvemo Kartli bölgəsində fəaliyyət göstərən "Marneuli Gənclər Mərkəzi"nin rəhbəri Rəna Nurməmmədova isə "Azərbaycanlı gənclərin Gürcüstan cəmiyyətinə inteqrasiyasında fərqlənməyə görə" nominasiyalarının qalibi olublar.
Qaliblərə diplom və digər qiymətli hədiyyələr təqdim olunub.
Tədbir çərçivəsində, həmçinin muzeydə yaradılmış S.İsmayılovanın həyat və yaradıcılığını əks etdirən əlyazmalardan, audio materiallardan, fotoşəkillərdən və digər eksponatlardan ibarət guşəyə baxış keçirilib.