Qadin.NET / Əslən azərbaycanlı olan türk aktyor BAKIYA GƏLDİ

Əslən azərbaycanlı olan türk aktyor BAKIYA GƏLDİ

Əslən azərbaycanlı olan türk aktyor BAKIYA GƏLDİ


“Çoçuklar duymasın” serialında Haluk obrazı ilə tanınan və əslən azərbaycalı olan məşhur aktyor Tamer Karadağlı Bakıya gəlib. Tamer Karadağlının Bakıya gəliş səbəbi Azad Azərbaycan" TV-də yayımlanacaq “Məlahətli söhbətlər” verilişidir. Aktyor sözügedən verilişin qonağı olacaq.

Qadin.Net publikaz.az-a istinadən xəbər verir ki, Türkiyədə yaşayan və orada fəaliyyət göstərən Məlahət Abbasovanın verilişiylə bağlı bu gün mətbuat konfransı keçirilib. Media nümayəndələri ilə görüşdə M.Abbasova Tamer Karadağlını öz verilişinə çoxdan dəvət etmək istədiyini bildirib.

50 yaşlı Tamer Karadağlı doğma vətəninə gəlişini və təəssüratlarını belə ifadə edib:

“İlk dəfədir ki, Azərbaycana gəlirəm, əslində gecikmişəm, daha əvvələr gəlməli idim. İşlərimə görə alınmırdı. Sağ olsun, Məlahət xanım vasitəçi oldu. Yaxşı ki, gəlmişəm. Cəmi bir gündür Bakıdayam, amma şəhərə heyran qalmışam, inanılmaz dərəcədə gözəldir. Ən maraqlısı odur ki, özümü yad hiss etmirəm. İnsanın özünü evindəki kimi azad hiss etməsi çox önəmlidir. Təbii ki, bura mənim atalarımın torpağıdır. Nənəmlə babam bu ölkədə doğulub. Bakıda çoxlu qohum-əqrabam var. Dünəndən bəri çoxlu zənglər gəlir, hamı evinə qonaq dəvət edir. Qısası, Bakıda olmaqdan çox məmnunam. Əslim Gəncədəndir. Hətta “Çoçuklar duymasın” serialında Haluk obrazının da azərbaycan əsilli olduğuna diqqət çəkmişdik”.

Məşhur Azərbaycandan bu qədər çox sevildiyindən xəbərsiz olduğununu vurğulayıb:

“Sevildiyimi bildirim, amma bu dərəcədə gözləmirdim. Bakıda özümü lap Tarkan kimi hiss elədim. Ümumiyyətlə, hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Məlahət xanım mənə Bakını gəzdirdi, Musiqili Komediya Teatrında olduq. Oranı yalnız bəyənmədim, hətta heyran qaldım! Öyrəndim ki, sizdə kukla, opera, dram teatrları ayrı-ayrıdır. Bu, müdhiş bir şeydir. Gələn dəfə Bakıya qızımla birlikdə gəlməyi düşünürəm. Ev alıb Bakıya köçmək planımda yoxdur, çünki Türkiyədə işləyirəm. Hesab edirəm ki, ev almağıma onsuz da ehtiyac yoxdur, qohumlarımın evi mənim də evimdir".

Daha sonra Tamer Karadağlı yaradıcılığı haqqında danışıb:

“Çoçuklar duymasın” karyeramda önəmli yer tutur. Hər bir seriyası 1500 dəfə göstərildi. Nə dünya, nə də ki, Türkiyə televiziya tarixində belə bir hadisə baş verib. Bu işdə sənin payının olması gözəldir. Yeni layihələrim çoxdur, Hollivudan 20 təklif gəlib, lakin bizim işimiz elədir ki, qətiləşməyənə qədər bu layihələrin heç biri sayılmır. Çətin prosesdir, pul tapılmalıdır”.

“Çoçuklar duymasın”da klassik və mühafizəkar türk kişisini canlandıran aktyor həyatda sərt insan olduğunu deyib. O, şəxsi həyatı haqqında da açıqlamalar verib:

“Çox müasir düşüncəli adam olmadığım qətidir. Amma gerçək həyatda Haluk qədər sərt deyiləm. Evlilik haqqında əvvəlcədən plan qurmaq mümkün deyil, “Yenidən evlənməyi düşünürəmmi?” sualına “hə” və ya “yox” cavabı verə bilmərəm. “Heç vaxt heç vaxt demə” məsəli çox doğrudur. İnsan sabah başına nə gələcəyini bilmir. Qarşıma elə bir insan çıxa bilər ki, fikrimi dəyişə bilərəm. Hazırda həyatımda heç kim yoxdur. Keçmiş həyat yoldaşım Arzu Balkanla boşansaq da, münasibətlərimiz gözəldir. Çünki bizim qızımız və ona qarşı valideyn məsuliyyətimiz var. Arzu Balkan çox gözəl anadır, odur ki, gözüm arxada qalmayıb. Ana ilə ata yola getməyə bilər, lakin bu, heç vaxt uşağın tərbiyəsinə yansımamalıdır. Bu mövzuya “Çoçuklar duymasın” serialında da xüsusi yer vermişik. Bildiyiniz kimi, o serial 15 il əvvəl başlayıb, qərar verdik ki, mübahisə səhnələri olanda valideynlər bunu uşaqların gözü qarşısında deyil, mətbəxdə etsinlər. İlk vaxtlarda bəzilərinə qəribə gəlirdi, lakin həmin məqamdan baxıb nümunə götürənlər çox oldu. Bu, yaradıcı insan üçün böyük qazancdır, həm də sosial vəzifədir. Demək istədiyimiz odur ki, harada dalaşırsınızsa, dalaşın, amma aqressiyanı heç bir halda uşaqlara hiss etdirməyin, onlara bu travmanı yaşatmayın”.

Məlumat üçün bildirək ki, Məlahət Abbasovanın bu televiziya layihəsi Mədəniyyət və Turizm Nazirliyinin xüsusi dəstəyi ilə həyata keçirilir.

1 dekabr 2017
GO BACK