Elm adamları Marsın üzərindəki tünd rəngli cızıqların su deyil, qum axıntısı olduğunu açıqlayıb.
Qadin.Net publika.az xəbər verir ki, ABŞ-ın Arizona və Planet Elmləri Universitetinin mütəxəssisləri NASA-nın Marsdan çəkdiyi fotoları araşdırıb.
Araşdırmanın nəticələri ABŞ Geoloji Araşdırmalar Mərkəzinə aid “Nature Geoscience” dərgisində yayımlanıb.
Tədqiqatın başçısı Kolin Dundas Marsın səthindəki minlərlə tünd rəngli cızıqların 151 ədədinin araşdırıldığını və əyriliklərin çoxunun 28-35 dərəcə arasında olduğunu bildirib. Bu dərəcədəki əyriliklər isə Yer kürəsi və Marsdakı qum təpələrinin bitmə dərəcəsi ilə eynidir.
K.Dundas bildirib ki, əldə edilən nəticələr hazırda Marsın səthinin çox quru olduğu ehtimalını təsdiq edir.
Cızıqların sudan deyil, qum və toz zərrələrindən əmələ gəldiyini deyən elm adamları bəzi təpəliklərdə hidratlaşmış minerallar olduğunu və bu səbəbdən təpəciklərin əmələ gəlməsində su zərrələrinin rolu ola biləcəyini bildirib.
Yeni araşdırma Marsın səthində axan suyun olmadığını təsdiq etməklə yanaşı, “Qırmızı planet”də su tapılması teoremini də puça çıxarıb. Elm adamları isə Marsda su tapıla biləcəyini, lakin bunun insan həyatına yarayacaq şəkildə olmayacağını qeyd ediblər.
Qeyd edək ki, NASA 2015-ci ildə Marsda isti aylarda duzlu su axıntısının olduğuna dair güclü dəlillər əldə etdiyini açıqlamışdı. Mütəxəssislər Marsda ən isti aylarda tünd rəngli dar axıntıların ortaya çıxdığını, ilin geri qalan hissəsində isə bu axıntıların yox olduğunu bildirmişdi.