Londonda " 2017 MTV Europe Music Awards" mükafatlarının təqdimat mərasimi keçirilib.
Milli.Az The Sun-a istinadən bildirir ki, Uemblidəki "SSS Arena"dakı mərasimə məşhur britaniyalı müğənni Rita Ora hamam xələtində qatılıb.
"Palomo Spain" brendinin əsəri olan bu geyim "stereotipləri dağıdan paltar" kimi təqdim olunmuşdu.
Əynində xələt, başında dəsmal olan Rita Ora səhnəyə də bu görkəmdə çıxıb və şouya aparıcılıq edib.
"Ən yaxşı mahnı" nominasiyasında qalib Şon Mendesin ifa etdiyi "There's Nothing Holdin' Me Back" olub. Halobuki Luis Fonsi, Castin Biber və Deddi Yankinin birgə əsəri, YouTube tarixində ən populyar mahnı "Despacito" favorit sayılırdı.
19 yaşlı kanadalı müğənni Şon Mendes "Ən yaxşı ifaçı" nominasiyasında da Ariana Qrande, Ed Şiran, Teylor Svift, Mayli Sayrus və Kendrik Lamar kimi rəqiblərini qabaqlayaraq qalib sayılıb.
Ed Şiran "Ən yaxşı konsert ifası", 22 yaşlı Dua Lipa "İlin debütantı", 20 yaşlı amerikalı Kamila Kabelyu "Ən yaxşı pop ifaçı" mükafatlarını alıblar.
Devid Getta "Ən yaxşı elektron musiqisi", Kedrik Lamar "Humble" mahnısına görə "ən yaxşı videoklip", "Coldplay" qrupu "Ən yaxşı rok ifa", U2 qrupu isə "Global Icon" mükafatlarını alıblar.
Amerikalı müğənni Teylor Svift 6 nominasiyada favorit sayılsa da, mükafatsız qalıb.