Yaşıllığın götürülməsi ilə bağlı qaydalar dəyişib. Belə ki, daha ətrafda təhlükəli olan ağacın kəsilməsi və götürlməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə deyil, ilk olaraq torpaq mülkiyyətçisinə, yəni yaşadığınız rayonun icra hakimiyyətinə və ya bələdiyyəsinə müraciət etməlisiniz.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib.
O, bildirib ki, əvvəllər vətəndaş evinin yanında hər hansı bir təhlükəsi, aşma ehtimalı olan ağac olardısa, birbaşa nazirliyə müraciət edirdi. Belə olan vəziyyətdə torpaq mülkiyyətçiləri məsuliyyətdən kənarda qalırdı: "Amma yeni qaydaya görə, vətəndaşın evinin yanında aşma təhlükəsi olan ağac olmuş olsa belə, vətəndaş torpaq mülkiyyətçisinə, yəni, ya rayon icra hakimiyyətinə, ya da bələdiyyəyə müraciət etməlidir. Bundan sonra rayon icra hakimiyyəti və bələdiyyə müvafiq qaydada Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edir. Ardınca nazirliyin mütəxəssisləri əraziyə baxış keçirir və müvafiq rəy verir. İcra Hakimiyyəti və ya bələdiyyə həmin rəyi əsas götürərək müvafiq qərar verir və yaşıllığın götürülməsi vərəqi hazırlanır. Bundan sonra həmin yaşıllığın götürülməsinə qərar verilir. Sözsüz ki, əsas sənəd kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sənədi əsas götürülür. Amma nazirliyin sənədi olsa belə, digər sənədlər - qərar və yaşıllığın götürülməsi haqqında vərəqə olmasa ağacın götürülməsi qadağandır".
Mirzəyev bildirir ki, ağaclar qanunsuz şəkildə kəsilərsə, bununla bağlı İnzibati Xətalar Məcəlləsində həmin şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi nəzərdə tutulub: "Məsələn, hər hansı bir ağac kəsimi zamanı dəymiş zərər 1000 manatı keçirsə, bu cinayət tərkibi daşıyır. Və tədbir görülməsi üçün prokurorluq orqanlarına, baş prokurorluğa göndərilir".
R. Mirzəyev qeyd edib ki, cari ilin 9 ayı ərzində ümumilikdə ölkə ərazisində 584 akt və protokol tərtib olunub. Qanun pozuntuları ilə bağlı icrası məcbur olan 89 məcburi göstəriş verilib: "270 nəfər 344 700 manat məbləğində cərimə edilib. Ağacların kəsilməsi üzrə 129 fakt üzrə 414220 manat ziyan tətbiq edilib. Tədbir görülməsi üçün 236 iş polis orqanlarına 62 iş prokurorluq orqanlarına göndərilib".
Mirzəyev qeyd edir ki, əvvəlki illərlə müqayisədə qanunsuz ağac kəsimi faktları Bakıda da, bölgələrdə də azalıb.