İki ildir Azərbaycanda saatlar geri və irəli çəkilməsə də, telefon və kompüterlərində saat dəyişikliyi problemini yaşayanlar hələ də var. Bu səbəbdən gedəcəyi yerə zamanında çata bilməyənlər az deyil.
Qadin.Net xəbər verir ki, Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz report-a bildirib ki, bu problemin yaşanması avadanlığın yenilənməməsi ilə bağlıdır: "İstifadə olunan bəzi proqram təminatları, əməliyyat sistemləri ilə çalışan avadanlıqlar var ki, onlarda köhnə əməliyyat sistemlərindən istifadə olunur və yenilənmə işləri aparılmayıb. İlk növbədə, istifadəçilər özlərinin istifadə etdikləri əməliyyat sistemləri və avadanlığı yeniləməlidir. Bundan başqa, vaxtilə müəyyən tarixdə saatın dəyişdiyini unudanlar üçün xəbərdarlıqlar olmalıdır. Mən özüm az qalsın bu məsələni unutmuşam. Yaxşı olar ki, aidiyyəti qurumlar əhaliyə xəbərdarlıq etsin. Bildirsin ki, yenə də bu problemlə üzləşə bilərsiniz və bu halda hansı addımlar atılmalıdır. Elektron Təhlükəsizlik Mərkəzi, Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qurumlarının bu məsələ ilə bağlı xəbərdarlıq mesajları verməsi istifadəçilər üçün yaxşı olardı".
O.Gündüz onu da əlavə edib ki, yeni bir əməliyyat sistemi, yeni avadanlıq olduğu halda saatla bağlı problem yaşanırsa, o zaman Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və ona yardımçı ola biləcək qurumlar bu problemi həll etməlidir. Onun sözlərinə görə, komitə bu işləri həyata keçirən qurumlarla əlaqəyə girib, yeni standartlarla bağlı yeniliklərin öz əksini tapmasına nail olmalıdır: "Elə nəhəng ölkələr var ki, onların İKT bazarı bütün şirkətlər üçün cəlbedicidir. O ölkələr üçün şirkətlər hər şey edirlər. Amma Azərbaycan kimi balaca texnologiya bazarı olan ölkələr şirkətlər üçün cəlbedici deyil. Ona görə bu məsələdə biz özümüz maraqlı olmalıyıq. Bayaq dediyim dövlət qurumları dərhal hərəkətə keçməlidirlər və böyük şirkətlərlə işlər aparmalıdır".
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, əvvəllər Komitə Nazirlər Kabinetinin saatların çəkilməsi ilə bağlı qərarının icrasına nəzarəti həyata keçirirdi. Onun sözlərinə görə, qərar ləğv edildikdən sonra komitə ölçmələr və metrologiya sahəsində olan beynəlxalq təşkilatlara bu barədə məlumat verib, Azərbaycanın mövcud olduğu saat qurşağını müəyyən edib, vaxtın çəkilməyəcəyini bəyan edib: "Bu sahə üzrə olan beynəlxalq təşkilatların saytında Azərbaycanda vaxtın dəyişilmədiyi təsdiq olunub. İnformasiya Kommunikasiya sahəsində olan bəzi proqram şirkətlərinin bu sahədə lazım olan işi icra etməməsi ilə bağlı məsələ isə bizim səlahiyyətimiz çərçivəsində deyil".
Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyindən isə məsələ ilə bağlı açıqlama yayılacağı bildirilib.