Atlantik okeanında sirliliyi, müəmmalılığı ilə məşhur olan Bermud üçbucağı bölgəsi havadakı anomaliyalara görə təhlükəlidir.
Bunu ABŞ-ın Kolorado ştat universitetinin metereoloqları bildiriblər.
Milli.Az Facenews-a istinadən xəbər verir ki, alimlər həmin ərazidə 10 ildir tədqiqat aparıblar.
Qeyd edilir ki, tədqiqatın rəhbəri Stiv Miller və digər alimləri ərazinin kosmosdan çəkilən şəkillərini tədqiq ediblər. Şəkillərin maksimal dərəcədə böyüdülməsi nəticəsində alimlər orada altıbucaqlı buludlar görüblər. Onlar həmin anomal ərazinin üzərinə səpələniblər. Belə formalı buludlar okeanın atmosferi üzündə yaranır. Belə ki, isti su okeandan soyuq havaya buxarlanır. Bu zaman bulud karkası peyda olur. Onlar bir müddət Bermud üçbucağı üzərində ləngər vurur və partlayırlar. Partlayış zamanı güclü hava axınları meydana gəlir.
Alimlər hesab edirlər ki, məhz bu axınlar təyyarə və gəmilərin məhvinə səbəb olur. Partlayışdan sonra güclü külək dalğası okeanın üzərinə enir. Atmosfer dalğalarının qarşılıqlı əlaqəsi güclü turbulentliyin, hava boşluqlarının yaranmasına gətirib çıxarır. Müasir texnika üçün ondan çıxmaq qeyri-mümkün olur.
Okeanın üzərinə enən güclü külək hündürlüyü 40 m-ə çatan dalğa yaradır.
Xatırladaq ki, artıq neçə onilliklərdir ki, "Şeytan üçbucağı", "Şeytan dənizi" adlandırılan Bermud üçbucağı müəmması, orada baş verən sirli hadisələr haqqında deyilir, yazılır. Gəmilərin, qayıqların, təyyarələrin yoxa çıxdığı bu ərazi fizika qanunlarının işləmədiyi, elmə məlum olmayan qanunların hökm sürdüyü qeyri-adi bölgə kimi məşhurlaşıb.
Qeyd edək ki, Bedmud üçbucağı Atlantik oekanında Bermud, Puerto-Riko və Cənubi Florida arasında yerləşən ərazidir. "Bermud üçbucağı" ifadəsini ilk dəfə 1946-cı ildə yazıçı Vinsent Qaddis işlədib. O, "Argosy" jurnalında Flight-19 bombardmançı-torpedodaşıyandan ibarət beş təyyarə qrupunun yoxa çıxması haqqında xəbər verib. Təyyarələr 1945-ci ilin dekabrın 5-də ABŞ-ın Fort-Loderdeyldəki hərbi-dəniz bazasından havaya qalxıb və bir daha geri qayıtmayıblar. Təyyarənin qalıqları heç yerdə tapılmayıb.
Xüsusiyyətinə görə, Bedmud üçbucağına bənzər bölgələrin Şimali Amerikadakı Ontario gölü, həmçinin Yaponiya sahilləri yaxınlığında da olduğu iddia edilir.