İqtisadiyyat universitetinin tələbəsi olan Q.Çingiz təhsili yarıda qoyaraq xarici ölkələrdən birinə gedib. Tez üşüyən insan olduğunu deyən Çingiz belə bir layihə hazırlamaq fikrinə düşüb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, İzmirdə yaşayan 37 yaşlı türk üzərində 7 ay çalışdığı layihəsini reallaşdırıb. Gödəkcənin üzərində, cib yerinin üstündə qoyulan kiçik düyməni basmaqla isitmə sistemini aktivləşdirmək olur. İstəyə görə 40, 45, 55 dərəcəyə qədər qızdırmaq olur. Sistem batareya ilə çalışır və aktivləşdirildikdən 10 dəqiqə sonra gödəkçə istənilən temperatura çatır.
Artıq 11 ölkədən məhsulun istehsalını üzərinə götürmək istəyən şirkətlərdən təklif alan Çingiz 2 ay ərzində ona çoxsaylı təkliflərin gəldiyini deyib:
“Bu qədər diqqət çəkəcəyi ağlıma gəlməzdi. Mən çox üşüyən insan olduğum üçün buna bir çarə tapmaq istəyirdim. Bu fikir də ağlıma məhz bu məqsədlə gəlib. Qazanc məqsədilə düşünməmişdim”.
Aşağı, orta, yüksək olmaqla, 3 mərhələli isitmə sisteminə malik olan gödəkçənin içərisindəki kabellərin ağırlığı 224 qramdır. İstilik dərəcələrini fərqləndirmək üçün ağ, mavi, qırmızı işıqlardan istifadə edilib. Ən zəif dərəcə ağ, ən yüksək dərəcə isə qırmızı işıqla göstərilir. İsidilmiş gödəkçə daxili temperaturu 4 saata qədər qoruyub saxlaya bilir. İçəridə gedən 6 kabelin ikisi döş nahiyəsində, ikisi böyrək, ikisi isə kürək nahiyəsində yerləşdirilib.
Gödəkçənin ilkin satış qiyməti 400-600 türk lirəsi təşkil edəcək. Layihəni daha da genişləndirmək istəyən Q.Çingiz deyib ki, maliyyə dəstəyi olarsa, soyuq səngərlərdə xidmət edən əsgərlər üçün isidilmə sistemli corablar, gödəkçələr, ayaqqabılar və s. hazırlamaq niyyətindədir.