"Keçən illə müqayisədə yarmarkada həm iştirakçıların sayı, həm də bazara çıxarılan məhsulun həcmi çoxdur".
Publika.az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazir müavini Seyfəddin Talıbov 18-ci Arıçılıq məhsullarının sərgi-satış yarmarkanın açılış mərasimində çıxışı zamanı deyib.
Nazir müavininin sözlərinə görə, bu il 333 arıçı öz məhsulunu satışa çıxarıb. Bu da keçən ilkindən 78 nəfər çoxdur:
“Eyni zamanda 107,5 ton süzülmüş bal, 5,5 ton şan bal, 200 kq güləm, 850 kq çiçək tozu, 155 kq vərəmum, 35 kq arı südü satışa çıxarılıb. Bu il arıçılar üçün biraz əlverişsiz mühit oldu. May ayından sonra ölkəmizdə quraqlıq müşahidə olundu. Təbii ki, bu da arıçılıq məhsullarının həm tərkibinə, həm də həcminə təsir etdi. Yarmarkadan laborator analizlərdən keçməyən 22,5 ton süzülmüş bal kənarlaşdırılıb. Alıcılar aldıqları məhsulu keyfiyyətinə əmin olmaq üçün təşkil olunmuş laboratoriyada yoxlaya bilərlər”.
Nazir müavininin sözlərinə görə, ən çox iştirakçı Lənkəran rayonundandır: “Lənkərandan 106 nəfər, Şəki-Zaqataladan 91, Gəncə-Qazaxdan isə 70 nəfər arıçı yarmarkada öz mallarını təqdim edir”.